Xəzər Xəbər

Bakını bir-birinə qatan sürücü tutuldu: Narkotik qəbul edibmiş VİDEO

Veb TV | 19:35 • 3 Dekabr 2021
Bakını bir-birinə qatan sürücü tutuldu: Narkotik qəbul edibmiş

Bakıda avtomobil qarət etməkdə şübhəli bilinən şəxs saxlanıb. Həmin şəxs ifadəsində nəqliyyat vasitəsindən külli miqdarda pul oğurladığını etiraf edib. Polis bundan başqa iki gün əvvəl iki minik maşınını əzib qaçan sürücünü də saxlayıb. Onun başqa cinayətləri də üzə çıxıb.

Yasamal rayonunda avtomobilin salonundan 10 min manatdan artıq pul oğurlamaqda şübhəli bilinən şəxs saxlanıb.

26-cı Polis Bölməsinə müraciət edən vətəndaş bildirib ki, İsmayıl Bəy Qutqaşınlı küçəsində park etdiyi avtomobilinin qapısının açıq olmasından istifadə edən naməlum şəxs oradan oğurluq edib.  Zərərçəkən maşından içərisində 10 min 530 manat olan çantanın və 200 manat dəyərində mobil telefonun oğurlandığını iddia edib 

Keçirilmiş əməliyyat nəticəsində hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Məmmədəli Abbasov saxlanıb. O, ifadəsində qeyd edilən avtomobildən oğurluq etdiyini etiraf edib. 

Oğurladığı pulun bir qismi onun yaşadığı ünvandan aşkar edilərək götürülüb.  Məmmədəli Abbasovun oğurluq etməsi və hadisə yerindən yayınması ərazidə olan müşahidə kameraları vasitəsi ilə də lentə alınıb. Faktla bağlı cinayət işi başlanıb. 

Bu arada iki gün əvvəl paytaxtda bir neçə avtomobilə ziyan vurmaqda şübhəli bilinən sürücü də yaxalanıb. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, dekabrın 1-i saat 21 radələrində Xətai rayonu ərazisində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Əli Xanmirzəyev idarə etdiyi ''VAZ-2107'' markalı avtomobillə iki minik maşınını vurub qaçmaq istəyərkən 34-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanıb.

Həmin şəxsin narkotik vasitənin təsiri altında olması müəyyən edilib. Şəxsi axtarış zamanı ondan heroin aşkar olunaraq götürülüb. Ətrafında aparılan tədbirlərlə onun noyabrın 28-də rayon ərazisindəki evlərin birindən 1500 manat dəyərində qızıl-zinət əşyaları oğurlaması da üzə çıxıb. 

 

Xəbər lenti