Xəzər Xəbər

ATƏT Xarici İşlər Nazirləri Şurasının iclasında Cənubi Qafqazdakı vəziyyət əsas müzakirə mövzusu olub VİDEO

Veb TV | 19:45 • 2 Dekabr 2021
ATƏT Xarici İşlər Nazirləri Şurasının iclasında Cənubi Qafqazdakı vəziyyət əsas müzakirə mövzusu olub

"Biz Qafqazda Azərbaycan və Ermənistan hökumətləri arasında birbaşa dialoqun davam etdirilməsini alqışlayırıq".

Xezerxeber.az-ın məlumatına görə, bunu ABŞ-ın dövlət katibi Entoni Blinken Stokholmda ATƏT Xarici İşlər Nazirləri Şurasının 28-ci iclasında çıxışı zamanı deyib.

O vurğulayıb ki, ABŞ münaqişə ilə əlaqədar insan haqlarının, beynəlxalq humanitar hüququn pozulması hallarının araşdırılması istiqamətində Rusiya da daxil olmaqla bütün tərəflərlə birlikdə işləyə biləcəyinə ümid edir.

İclasda çıxış edən ATƏT Parlament Assambleyasının prezidenti Marqareta Sederfelt qeyd edib ki, Ermənistan və Azərbaycan qoşunları arasında sərhəd toqquşmaları yenilənmiş hərbi əməliyyatların spektrini genişləndirib. "Mən hər iki tərəfin bir araya gəlməsini və uzunmüddətli sülh müqaviləsi üzərində razılaşmalarını xahiş edirəm", - deyə Marqareta Sederfelt bildirib.

ATƏT-in hazırkı sədri, İsveçin xarici işlər naziri Ann Linde də çıxışı zamanı Cənubi Qafqazdakı vəziyyətə toxunub. O qeyd edib ki, ATƏT Cənubi Qafqaz ölkələri arasında regional əməkdaşlığın qurulmasına tərəfdardır. "Əminəm ki, Ermənistan, Azərbaycan və Gürcüstan arasında münasibətlərin qurulması üstünlüklər yaradır", - deyə o vurğulayıb.

Linde qeyd edib ki, ATƏT bu istiqamətdə addımlar atmağa və prosesə töhfə verməyə hazırdır.

İclasda çıxış edən Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu isə vurğulayıb ki, Cənubi Qafqazda davamlı sülh üçün fürsət yaranıb.

Qeyd edək ki, sözügedən iclas bir neçə gün davam edəcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti