Xəzər Xəbər

Vaksinin dördüncü dozası nə dərəcədə vacibdir? VİDEO

Veb TV | 21:11 • 2 Dekabr 2021
Vaksinin dördüncü dozası nə dərəcədə vacibdir?

Ölkəmizdə indiyədək 9 yüz mindən çox şəxs "buster'', yəni üçüncü doza vaksin olunub. Bəs bu şəxslər üçün vaksinin 4-cü dozası nə qədər vacibdir ? Yaxud bununla bağlı hər hansı bir tələb varmı?

Xezerxeber.az-ın məlumatına görə, TƏBİB  və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi  bu suallara aydınlıq gətirib.

TƏBİB-in işçi qrupunun rəhbəri Vasif Əliyev deyib ki, koronavirus əleyhinə 4-cü doza vaksinin vurulması fərqli peyvəndlərdən istifadə edənlərə daha çox tövsiyə olunur.

O qeyd edib ki, pandemiya davam etdiyi müddətdə qanda anticisimlərin miqdarını qoruyucu səviyyədə saxlamaq üçün davamlı vaksinasiya prosesi vacibdir.

İcbari Tibbi Sığorta Üzrə Dövlət Agentliyinin Marketinq və tədbirlər şöbəsinin koordinatoru Pərvin Baxşəliyeva da son günlər sosial şəbəkələrdə koronavirus əleyhinə 4-cü doza vaksinin mütləq şəkildə tələb edilməsi məsələsi ilə bağlı müzakirələrə aydınlıq gətirib.

''Dördüncü doza vətəndaşın sağlamlıq vəziyyəti nəzərə alınaraq həkim məsləhətinə əsasən vurula bilər'',-deyə Pərvin Baxşəliyeva əlavə edib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti