Xəzər Xəbər

Bərdədən Ağdama 4 zolaqlı yeni yol çəkilir - İşlər nə yerdədir? VİDEO

Veb TV | 21:59 • 29 Noyabr 2021
Bərdədən Ağdama 4 zolaqlı yeni yol çəkilir - İşlər nə yerdədir?

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan yol infrastrukturu layihələrindən biri olan Bərdə-Ağdam avtomobil yolunun tikintisi sürətlə davam etdirilir. Başlanğıcını Bərdə şəhərindən götürən Bərdə-Ağdam avtomobil yolunun uzunluğu 45 kilometr təşkil edəcək. Yeni yolda 25 avtobus dayanacağı və bir neçə yeraltı keçid də inşa edilir.

Başlanğıc hissədə yolu genişnəndirmək üçün yerin torpaq qatı qazılaraq texnikalar vasitəsi ilə ərazidən daşınır.

Qızğın işlərin getdiyi başqa yerlərdə isə yüzlərlə texnika yeni yoların salınması ilə məşğul olurlar.

Görüntülər yeni inşa olunan Bərdə-Ağdam avtomobil yolundandır. Başlanğıcını Bərdə şəhərindən götürən  yolun uzunluğu 45 kilometr təşkil edəcək. Bu yol Qarabağın inkişaf planı nəzərə alınaraq 4 hərəkət zolaqlı olmaqla I texniki dərəcəyə uyğun olaraq inşa edilir. Hazırda Bərdə-Ağdam avtomobil yolunun 6-45-ci kilometrlik hissəsində torpaq işlərinin icrası davam etdirilir. Belə ki, xüsusi texnikalardan istifadə olunmaqla yararsız qrunt qazılaraq çıxarılır, genişləndirmə işləri aparılmaqla 26.5 metr enində yeni yol yatağının inşası istiqamətində addımlar atılır. Yol yatağı hazır olan hissələrdə yol əsasının tikintisi işləri aparılır.

Yeni inşa edilən yol boyunca layihəyə uyğun suların ötürülməsini təmin etmək məqsədilə 79 dairəvi suötürücü boru, 5 su keçidi, həmçinin zəruri olan yerlərdə 5 yeraltı keçidin tikinisi də davam etdirilir. Yol üzərində 2 yeni avtomobil körpüsünün və 1 yol ötürücünün tikintisi isə yekunlaşmaq üzrədir. 1-ci texniki dərəcəli avtomobil yolu boyunca hərəkətin təhlükəsizliyini təmin etmək məqsədilə 8 nöqtədə geriyə dönmə hissələrinin yaradılması, 24 yerdə isə avtobus dayanacaqlarının inşası da həyata keçiriləcək.

Yolun tikintisinin qısa müddət ərzində icra edilməsini təmin etmək məqsədilə ərazidə yeni düşərgə inşa edilib. Düşərgədə asfalt-beton zavodu, maşın-mexanizmlərin saxlanılması və xidməti üçün xüsusi ərazi, həmçinin işçilər üçün hər bir şəraiti olan ofis, yeməkxana və dincəlmək üçün yerlər qurulub. Qeyd edək ki, Bərdə-Ağdam avtomobil yolu işğaldan azad edilmiş Ağdam şəhərinə qədər inşa edilir. Avtomobil yolunun ilk 14 kilometrlik hissəsi Bərdə şəhəri və rayonun bir neçə yaşayış məntəqəsinin daxilindən keçir. Ümumilikdə isə yol Bərdə və Ağdam şəhərləri də daxil olmaqla, sözügedən rayonların 20-dən çox yaşayış məntəqəsini əhatə edəcək.

Xəbər lenti