Xəzər Xəbər

28 ildən sonra Qubadlıda evini dağılmış vəziyyətdə tapdı VİDEO

Veb TV | 19:59 • 28 Noyabr 2021
28 ildən sonra Qubadlıda evini dağılmış vəziyyətdə tapdı

Qubadlının azad edilməsi Laçın istiqamətində Ordumuzun yolunu açdı. Ötən il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin törətdiyi genişmiqyaslı təxribatlara cavab olaraq Azərbaycan Ordusunun başladığı əks-hücum əməliyyatlarının 29-cu günü – oktyabrın 25-də Qubadlı şəhəri erməni işğalından azad edildi. 

1993-cü ildə Qubadlı rayonundan məcburi köçkün düşmüş əməkdaşımız Ömər Xıdırov bu dəfə rayona həm öz evini görmək, həm də oradan reportaj hazırlamaq üçün getmişdi. Dörd yaşinda çıxdığı evi 28 il sonra dağıdılmış vəziyyətdə canlı görən məcburi köçkün, eyni zamanda jurnalist keçirdiyi  hissləri bölüşüb...

Görməsəm belə, illərdir təsəvvürümdə canlandırdığım, valideyinlərimin xatirələrlə danışdığı evimizə bu dəfə real olaraq gedirəm. O ev ki, onu 28 il görmək arzusu ilə yaşamışam. Min bir əzabla tikib ərsəyə gətirdiyimiz ev bu illər ərzində nələrə şahidlik etməyib ki... Bu illər ərzində hər zaman düşünmüşəm ki, bir gün o evə yenidən dönəcəm və qalan xatirələrdən bir nişanəyə rast gələcəm. Bəlkə dağıtmazlar, bəlkə də içərisində olan əşyalar olduğu kimi qalar ümidi ilə yaşamışam. Ancaq təəssüf...

Qubadlıya bu dəfə həm reportaj hazırlamağa, həm də ermənilər tərəfindən dağdılmış evimizi görmək üçün getmişdim.

 Ermənilər Qubadlını işğal edəndən sonra xüsusən də şəhər ətrafında olan bəzi evlərdə yaşayıblar. Vətən müharibəsi başlayanda isə bizim evdə yaşayan erməni ailəsi də evi darmadağın edərək qaçmağa üstünlük verib. Evin pəncərələrini, qapılarını da özləri ilə aparıblar. Mənzilin içərisinə daxil olanda adam dəhşətli mənzərə ilə qarşılaşır...

Bəs Qubadlı işğaldan necə azad olundu?

Əvvəlcə bildirək ki, Qubadlı şəhərinin azad olunması Vətən müharibəsinin gedişatında önəmli yer tutub. Sahəsi 802 kvadrat kilometr olan Qubadlı rayonunun  azad edilməsi ilə  digər ərazilərdə əməliyyatların aparılmasına rahat yol açıldı.

Vətən müharibəsinin iştirakçısı,''Cəbrayılın azad olunmasına görə'' , "Qubadlının azad olunmasına görə'', Füzulinin azad olunmasına görə'',  "Xocavəndin azad olunmasına görə'' və "Cəsur döyüşçü'' medalları ilə təltif olunan Röyal Cəfərov deyir ki, Qubadlı şəhərində ermənilərin tank briqadası yerləşib. Döyüşlər zamanı əsas məqsədlərdən biri də həmin hərbi hissəni ələ keçirərək düşməni məhv etmək olub.

Qubadlının azad olunması üçün ilk növbədə vacib yüksəkliklər ələ keçirilməli idi. Əməliyyat palanına görə, həmin yüksəkliklərdən biri, 833 yüksəkliyi ələ keçirilərək xeyli sayda düşmən qüvvəsi məhv edilib.

Qeyd edək ki, 2020-ci il  oktyabrın 25-də Qubadlı rayonu Azərbaycan Silahli Qüvvələri tərəfindən işğaldan azad olunub və şəhərin mərkəzinə üçrəngli bayrağımız taxılıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti