Xəzər Xəbər

Rusiya XİN rəsmisi Qarabağdakı vəziyyətdən danışıb VİDEO

Veb TV | 20:09 • 25 Noyabr 2021
Rusiya XİN rəsmisi Qarabağdakı vəziyyətdən danışıb

"Rusiyanın səmərəli vasitəçilik səyləri nəticəsində Ermənistan-Azərbaycan sərhədindəki gərginlik operativ şəkildə aradan qaldırılıb".

Xezerxeber.az-ın məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə deyib.

"Biz sərhəddəki vəziyyəti diqqətlə izləməyə davam edirik. Hərbçilərimiz və əlbəttə ki, sərhədçilərimiz Azərbaycan və Ermənistandan olan həmkarları ilə təmasdadırlar", - deyə o qeyd edib.

Zaxarova bildirib ki, rəsmi Moskva 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatların ardıcıl şəkildə həyata keçirilməsinin tərəfdarıdır. Onun sözlərinə görə, üçtərəfli bəyanatlara Cənubi Qafqaz regionunda iqtisadi və nəqliyyat əlaqələrin açılması da aiddir.

Mariya Zaxarova əlavə edib ki, Cənubi Qafqazda əsas diqqət ticari-iqtisadi və nəqliyyat əlaqələrinin bərpasına yönəlib.

Liderlərin sabah Soçidə keçiriləcək görüşünə gəlincə, Zaxarova deyib ki, ali səviyyədə görüşləri şərh etmək Rusiya Prezident Administrasiyasının səlahiyyətindədir.

Zaxarova onu da vurğulayıb ki, Moskva noyabrın 19-20-də Bakıda Rusiya-Azərbaycan ekspertlər Şurasının birinci iclasının keçirilməsini alqışlayır.

XİN rəsmisi onu da deyib ki, Ermənistan Türkiyə ilə münasibətləri normallaşdırmaqla bağlı vasitəçilik etməsi üçün Rusiyaya müraciət edib.

O, Moskvanın bundan sonra da region ölkələri arasında münasibətlərin normallaşdırılmasına yardım etməyə hazır olduğunu bəyan edib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti