Xəzər Xəbər

Maşın almaq üçün yığdığı pul oğurlandı VİDEO

Veb TV | 20:36 • 25 Noyabr 2021
Maşın almaq üçün yığdığı pul oğurlandı

Bakıda məhəllərdən birində fəaliyyət göstərən kiçik mağazadan külli miqdarda pul və ərzaq məhsulu oğurlanıb.

Xezerxeber.az-ın məlumatına görə, hadisə gecə paytaxtın Yasamal rayonu, 2-ci Alatava adlanan ərazidə baş verib.

Arzu Məmmədovaya məxsus Dadaş Bünyadzadə küçəsində olan kiçik mağazdan oğurluq olub. Zərərçəkmişin sözlərinə görə,  gecə saat 3-də mağazasından külli miqdarda pul və ərzaq məhsulu oğurlanıb.

Zərərçəkmiş deyir ki, həmin pula avtomobil alacağı üçün vəsaiti həmişə özü ilə aparıb-gətirirmiş. Qadın hadisədən səhər xəbər tutan kimi 102 xidmətinə məlumat verib. Dərhal mağazaya 29-cu polis şöbəsinin əməkdaşları gələrək baxış keçirib, əl-barmaq izlərini götürüblər. Arzu Məmmədova deyir ki, oğurluq anı yaxınlıqdakı avtotəmir mərkəzinin müşahidə kameralarına düşüb. Qadın iddia edir ki, oğurluğu törədən həmin şəxslər ötən gün səhər saatlarında üç dəfə onun mağazasından ərzaq alıblar.

Faktla bağlı Yasamal rayon 29-cu polis şöbəsində araşdırma aparılır. Şöbədən bildirilib ki, cinayəti törətməkdə şübhəli bilinən şəxslərin tutulması istiqamətinə əməliyyat-axtarış tədbirləri davam edir.

Gəncədə də oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb. Gəncə Şəhər Baş Polis İdarəsinin Nizami Rayon Polis İdarəsinə yağış sularının axıdılması üçün nəzərdə tutulan kanalizasiya quyusunun qapaqlarının oğurlanması barədə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarışları nəticəsində cinayəti törətməkdə şübhəli bilinən şəhər sakinləri, əvvəllər məhkum olunmuş Vüsal Cəfərov və Pərviz Quliyev saxlanılıblar. Onlar ifadələrində həmin qapaqları oğurlayaraq metal qəbulu məntəqələrinə satdıqlarını etiraf ediblər.

Bundan başqa, Nizami Rayon Polis İdarəsinin ərazi üzrə polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində çoxmərtəbəli binanın damından ümumi dəyəri 1244 manat olan mətbəx əşyalarını oğurlamaqda şübhəli bilinən Ruzigar Abdullayev saxlanılıb.

Faktlarla bağlı Gəncə Şəhər Baş Polis İdarəsində araşdırmalar davam etdirilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti