Xəzər Xəbər

Kəlbəcərin işğaldan azad edilməsindən bir il ötür VİDEO

Veb TV | 21:11 • 25 Noyabr 2021
Kəlbəcərin işğaldan azad edilməsindən bir il ötür

Azərbaycanın dilbər guşələrindən olan Kəlbəcərin işğaldan azad edilməsindən bu gün bir il ötür.

44 günlük Vətən müharibəsində Azərbaycan Prezidentinin diplomatik məharəti, prinsipiallığı, dəmir iradəsi və Azərbaycan Ordusunun şanlı Zəfəri Ermənistanı kapitulyasiya aktını imzalamağa və əraziləri boşaltmağa məcbur etdi. Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistanın baş nazirinin imzaladığı birgə Bəyanata əsasən 2020-ci il noyabrın 25-də Kəlbəcər rayonu Ermənistan ordusu tərəfindən boşaldıldı. Kəlbəcər şəhəri də daxil olmaqla, rayonun 147 yaşayış məntəqəsi işğaldan azad edildi. Azərbaycan Ordusu heç bir itki, şəhid vermədən, qan tökülmədən Kəlbəcər rayonuna  daxil oldu. 27 ildən sonra Kəlbəcərdə yenidən Azərbaycanın üçrəngli bayrağı dalğalanmağa başladı. İşğaldan azad edilən bütün rayonlarımızda olduğu kimi, Kəlbəcərdə də böyük quruculuq işləri sürətlə həyata keçirilir. Yollar, tunellər, elektrik stansiyaları tikilir və müxtəlif layihələr icra edilir.

Qeyd edək ki, üçtərəfli bəyanatın şərtlərindən biri məhz Kəlbəcərin geri qaytarılması idi. Bəyanatın bu gün də bəzi şərtlərinin yerinə yetirilməməsinin səbəbi isə Ermənistan hakimiyyətinə olan təzyiqlərdir. Məhz bəzi revanşist qüvvələrin təsirində olan Ermənistan hökuməti sərsəm bəyanatlar verərək yenə xalqı aldatmağa çalışır. Zəngəzur dəhlizinin açılmayacağı ilə bağlı səsləndirilən bütün fikirlər absurdur və heç bir hüquqi əsası yoxdur. 

Mövzu ilə bağlı danışan millət vəkili Bəhruz Məhərrəmovun sözlərinə görə, Ermənistan baş nazirinin çıxışları əslində erməni xalqının fikirlərini ifadə etmir. Bu, yalnız revanşist qüvvələrin təsiri ilə atılan addımlardır.

Bu gün üçtərəfli bəyanatın şərtlərinin yerinə yetirilməməsi həm də Rusiyanın təminatına qarşı atılmış addımdır. 

Ermənistana artıq ilkin dərs verilib. Gorus-Qafan yolunun Azərbaycanın Qubadlı rayonundan keçən hissəsində - Eyvazlı və Qazançı kəndləri ərazisində nəzarət-buraxılış məntəqələri qurulub. Ermənistan qeydiyyatında olan nəqliyyat vasitələrindən Azərbaycan qanunlarına uyğun olaraq rüsum alınır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti