Xəzər Xəbər

"Talant Mərkəzi Asiya" şousunun kastinqlərinə böyük maraq olub - Seçimlərə 100-dən artıq istedad qatılıb VİDEO

Veb TV | 21:58 • 25 Noyabr 2021
"Talant Mərkəzi Asiya" şousunun kastinqlərinə böyük maraq olub - Seçimlərə 100-dən artıq istedad qatılıb

Ölkəmizin istedadlarının qatıldığı "Talant Mərkəzi Asiya" şousunun kastinqi ən parlaq görüntülərlə yadda qaldı.

Xezerxeber.az-ın məlumatına görə, dünən və bu gün keçirilən seçimlərdə azərbaycanlı istedadlar münsifləri heyran etdilər.

Şounun Azərbaycan üzrə kastinqlərinə maraq gözləniləndən yüksək oldu. Qısa müddətdə 100-dən artıq istedadlı insan seçimlərə qatıldı. Müxtəlif sahələrdə qeyri-adi bacarıq və istedad sərgiləyərək münsiflər heyətinin rəğbətini qazanan qaliblər 1 həftə ərzində elan olunacaqlar. Həmin şəxslər dekabr ayında keçiriləcək növbəti seçim mərhələsinə vəsiqə qazanacaqlar.

Müsabiqənin Azərbaycan üzrə kastinqlərinin yekunu ilə bağlı baş tutan mətbuat konfransında "Xəzər Media Mərkəzi"nin Baş direktoru Murad Dadaşov, layihənin rəhbəri və münsiflər heyətinin üzvü Serik Akişev, məşhur teleaparıcı, eyni zamanda layihənin də aparıcısı olacaq Leyla Quliyeva,  münsiflər heyətində Azərbaycanı təmsil edəcək Oksana Rəsulova iştirak etdilər. Murad Dadaşov müsabiqə ilə bağlı ətraflı məlumat verərək, burada Azərbaycanın qalibiyyət şansını yüksək dəyərləndirdi.

Layihənin rəhbəri və münsiflər heyətinin üzvü Serik Akişev isə Azərbaycanın bu yarışa yeni nəfəs qatdığını etiraf etdi.

Heyətdə yer alan Oksana Rəsulova və Leyla Quliyeva da layihədə iştiraklarından məmnunluqlarını dilə gətirdilər.

Qeyd edək ki, müsabiqə 2022-ci ilin yanvar ayında bütün iştirakçı dövlətlərin - Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan və Azərbaycanın yayım hüququ qazanmış telekanallarında hər həftə yayımlanacaq. Yarışın Azərbaycan üzrə media tərəfdaşı və eksklüziv yayımçısı "Xəzər Media Mərkəzi"dir. Azərbaycanın ilk dəfə iştirak edəcəyi müsabiqənin uduş fondu 40 min AZN təşkil edir. Müsabiqənin final mərhələsi 2022-ci ilin may ayında Qazaxıstanın Türküstan şəhərində baş tutacaq və Xəzər Televiziyası vasitəsilə canlı yayımlanacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti