Xəzər Xəbər

Təhsil tələbə krediti üçün müraciətlərin qəbuluna başlanıb VİDEO

Veb TV | 22:25 • 25 Noyabr 2021
Təhsil tələbə krediti üçün müraciətlərin qəbuluna başlanıb

Noyabrın 25-dən təhsil tələbə krediti üçün müraciətlərin qəbuluna başlanılıb.

Xezerxeber.az xəbər verir ki, təhsil tələbə kreditinin ayrılmasında məqsəd təhsilin hamı, xüsusilə də əhalinin aztəminatlı təbəqələrindən olan şəxslər üçün əlçatanlığının təmin edilməsidir. 

Tələbələrə təhsilin nəticələrindən asılı olaraq güzəştlər tətbiq olunacaq. Güzəşt və möhlət dövründə kreditə faiz hesablanmır və kreditin qaytarılması tələb olunmur. Kreditə görə faizlərin hesablanmasında və kreditin qaytarılmasında təhsilin nəticələrindən asılı olaraq güzəştlər tətbiq olunur. Tələbə krediti məzun olduqdan və güzəşt dövrü bitdikdən sonra qaytarır. 

Bakalavr səviyyəsi üçün 300-700 bal, magistratura səviyyəsi üçün 50-100 bal, subbakalavr səviyyəsi üçün isə 110-300 bal aralığında nəticə göstərənlər ilk semestrdə kredit almaq hüququna malik ola biləcəklər. Sosial təhsil tələbə kreditinin illik faizi 2, standart təhsil tələbə kreditinin illik faizi isə 6-dır.

Təhsil nazirinin müavini İdris İsayev deyib ki, kreditin veriləcəyi müddət tələbənin təhsil pilləsindən və təhsil səviyyəsindən asılıdır. Yəni, kredit ali təhsil pilləsinin bakalavr səviyyəsində təhsil alan tələbəyə 14-21 il, magistratura səviyyəsində təhsil alan tələbəyə 12-18 il, orta ixtisas təhsil və peşə təhsil pillələrinin subbakalavr səviyyəsində təhsil alan tələbələrə isə 12-19 il müddətinə verilə bilər. Bu il üçün təhsilhaqqını ödəyən tələbələr də yenidən müraciət edə bilərlər. 

Nazir müavini həmçinin onu da bildirib ki, təhsil krediti alacaq tələbələrin özəl və ya dövlət universitetində təhsil almalarının fərqi yoxdur. Lakin qiyabi təhsil alanlar kredit götürə bilməyəcəklər. Həmçinin akademik borcu olan tələbələrə də təhsil krediti verilməyəcək. 

Təhsil krediti üçün müraciət etmək istəyən tələbənin yaşı 18-dən aşağı olduqda valideynləri və ya himayəçisi ilə, yaşı 18-dən yuxarı olduqda isə özü notarial xidmətə yaxınlaşaraq bir sıra razılıqları ərizəsi ilə təsdiq etməlidir. 

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti