Xəzər Xəbər

Zəngəzur dəhlizinin təməli qoyuldu - Türk dünyası yenidən birləşəcək VİDEO

Veb TV | 21:00 • 27 Oktyabr 2021
Zəngəzur dəhlizinin təməli qoyuldu - Türk dünyası yenidən birləşəcək

Dünən region üçün ciddi əhəmiyyət daşıyan Zəngəzur dəhlizinin təməli qoyuldu. Bu dəhliz nəinki Azərbaycan və Türkiyə üçün, bütövlükdə asiya regionu və türk dünyası üçün də olduqca vacib bir layihədir. Söhbət həm də regionlararası yüklərin daha qısa yolla və daha az müddətdə daşınmasından gedir. Beynəlxalq münasibətlərin təhlili mərkəzinin idarə heyətinin sədri Fərid Şəfiyev ilə bu layihənin əhəmiyyətindən danışmışıq.

Azərbaycanın son illər həyata keçirdiyi meqa iqtisadi layihələrdən daha biri, həm də özündə siyasi əhəmiyyət daşıyan Zəngəzur dəhlizi təkcə ölkəmizin və qardaş Türkiyənin yox, bütün regionun maraqlarına xidmət edən tarixi addımdır. Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev ötən gün təməli qoyulan dəhlizin regionun iqtisadi xəritəsində ciddi müsbət dəyişikliyə yol açacağını deyir. Çox sayda türkdilli xalqların və dövlətlərin yaşadığı Asiya qitəsi daha qısa yolla Türkiyə ilə əlaqə qura biləcək. Bunu mümkün edən Zəngəzur dəhlizi isə iki dövlətin güclü liderinin siyasi iradəsi ilə reallaşır.

Zəngəzur koridoru Bakı-Tbilisi-Qars dəmiryol xəttinin uzunluğundna 1.7  dəfə, təcminən 343 km qısa olmaqla daşınmaların xərcini və müddətini azaldacaq. Bakını Ankara və İstanbulla birbaşa yolla əlaqələndirən dəhliz iki qardaş ölkənin iqtisadi əlaqələrinə güclü təkan verəcək. Zəngəzur dəhlizi Ermənistan ərazisində ən azı 40 km uzunluğunda olacaq. Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonunda infrastruktur erməni işğalçıları tərəfindən dağıdıldığından dəhlizə çıxış imkanları bərpa edilir. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun təməlinin qoyulması bu baxımdan böyük tarixi əhəmiyyət daşıyır. Zəngəzur dəhlizinin Naxçıvanın blokadadan çıxması, Azərbaycanın Avropaya daha qısa yolla çıxışı və Avropa-Asiya arasındakı əlaqələrə də təsiri olacaq. 

Qeyd edək ki, Zəngəzur dəhlizinin açılması ilə bağlı müddəa Azərbaycan, Rusiya, Ermənistan liderlərinin imzaladıqları 10 noyabr bəyannaməsində öz əksini tapır.

Xəbər lenti