Xəzər Xəbər

Vətən müharibəsinin ağ xalatlı qəhrəmanları - Həkimlərimizin böyük fədakarlığı olub VİDEO

Veb TV | 21:49 • 14 Oktyabr 2021
Vətən müharibəsinin ağ xalatlı qəhrəmanları - Həkimlərimizin böyük fədakarlığı olub

Vətən müharibəsinin qəhrəmanlarından biri də həkimlərimiz olub. Onlar həm müharibə, həm də postmüharibə dövründə yorulmadan fəaliyyət göstəriblər. Həkimlər gözüyumulu düşmənin üzərinə gedən, ölməyi gözə alan minlərlə mərd oğulların həyatlarını xilas edən ağ xalatlı qəhrəmanlardır. Həkimlərimiz 44 gün yaralı hərbçilərimizə həm şəfalı əlləri ilə məlhəm oldular, həm də onlara mənəvi dəstək verdilər. Belə həkimlərdən biri də Oqtay Mehdiyevdir.

Xezerxeber.az-ın məlumatına görə, müharibənin ilk günündən Naftalan, Gəncə və Füzulidə yaralılara ilkin müdaxilə edən Oqtay həkim deyir ki, müharibə zamanı itkilərimizin az olması üçün həkimlərimiz əllərindən gələni ediblər.

"Neçə yaralı olub ki, tikişi sağalmamış döyüşə qayıdıb. Elə bizə ruh yüksəkliyi verən də əsgərlərimizin qorxmazlığı, məğrurluğu olub",- deyir Oqtay həkim.

Vətən müharibəsində ağır yaralanan və Oqtay həkimin sağaltdığı hərbçilərimizdən biri 19 yaşlı Rüstəm Qurbanovdur. Tərtər rayonu, Çaylı kəndində gedən döyüşlərdə çənəsi və ayağından ağır yaralanan Rüstəm gecə saatlarında xəstəxanaya gətirilib.

"Onların etdiklərinin yanında bizim etdiyimiz sadəcə bir faizdir. Amma ona görə vicdanımız rahatdır ki, minlərlə yaralı hərbçimizi xilas edə bilmişik",- deyir Oqtay həkim.

Müharibə vaxtı əlində sadəcə neştər, iynə yox, silah tutub döyüşən Vətən müharibəsinin qəhrəman şəhid həkimləri də oldu. Vəzifəsindən asılı olmayaraq, Vətəninin keşiyində dayanıb, canını fəda edən bütün şəhidlərimizə Allahdan rəhmət diləyir, onlarla fəxr edirik.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti