Xəzər Xəbər

Azərbaycanda məktəbli koronavirusdan öldü VİDEO

Veb TV | 20:55 • 13 Oktyabr 2021
Azərbaycanda məktəbli koronavirusdan öldü

Sumqayıtda 9-cu sinif şagirdi  koronavirusdan  vəfat edib.  Oktyabrın 9-da  xəstəxanaya yerləşdirilən şagird  sonradan Bakıdakı klinikalardan birinə göndərilib. Aparılan müalicə tədbirlərinə baxmayaraq,  o, xəstəxanada dünyasını dəyişib.

Sumqayıt şəhərində koronavirusa yoluxan məktəbli xəstəxanada vəfat edib. O, Yusif Məmmədəliyev adına Sumqayıt şəhər 31 nömrəli tam orta məktəbin şagirdi olub.

Məlumatda bildirilir ki, Kamil Əsgərov oktyabrın 5-dən özünü pis hiss edib və həmin gündən məktəbə gəlməyib.  Vəziyyəti ağırlaşan şagird xəstəxanada dünyasını dəyişib. Kamil Əsgərovun koronavirusdan öldüyü bildirilir.

Məktəbdən bildirildi ki, hadisədən dərhal sonra bütün sinif distant təhsilə cəlb olunub. Koronavirusdan dünyasını dəyişən Kamil Əsgərovla paralel sinifdə təhsil alan bir şagirdin valideyni də bu xəbərdən üzüldüyünü və övladının distan təhsildən yararlanmasının tərəfdarıdır.

Səhiyyə və Təhsil nazirlikləri birgə məlumatında bildirilir ki, Sumqayıt şəhər sakini Əsgərov Kamil İslam oğlu oktyabrın 9-da, saat 20:05-də təcili tibbi yardımla Sumqayıt şəhər Uşaq Xəstəxanasının reanimasiya şöbəsinə daxil olub. Bu zaman xəstədə yüksək hərarət, boğulma, təngənəfəslik əlamətləri müşahidə olunub. İlkin diaqnoz "Kəskin bronxit, bronxospazm" təyin edilib, eyni zamanda xəstədən COVID-19 testi götürülüb və nəticə pozitiv olub. Həkimlərin təyin etdiyi son klinik diaqnoz Covid-19, ikitərəfli pnevmoniya, kəskin tənəffüs çatışmazlığı, alimentar piylənmə olub. Aparılan kliniki müalicə tədbirlərinə baxmayaraq Kamil Əsgərov  kəskin ürək-tənəffüs çatışmazlığından vəfat edib. Həmin məktəbdə, həmçinin şagirdin oxuduğu sinifdə COVID-19 infeksiyasına yoluxma halı qeydə alınmayıb.

COVID-19 infeksiyasına yoluxmuş  xəstələrdə alimentar piylənmənin olması, eləcə də qanda şəkər miqdarının yüksək olması xəstəliyin gedişatına çox mənfi və ağırlaşdırıcı təsir göstərir. Eyni zamanda xəstənin 5 gün müddətində xəstəxanaya müraciət etməməsi və ev şəraitində müalicə olunması gedişata mənfi təsir göstərib. Cari epidemioloji vəziyyəti nəzərə alaraq bir daha valideynlərdən  müvafiq tibbi göstərişləri olan 12 yaşdan yuxarı yeniyetmələri vaksinasiyaya cəlb etmələri  tövsiyə olunur.  

Xəbər lenti