Xəzər Xəbər

Bakıdakı dəhşətli qəza ilə bağlı yeni TƏFƏRRÜATLAR VİDEO

Veb TV | 1,583 | 20:47 • 13 Oktyabr 2021
Bakıdakı dəhşətli qəza ilə bağlı yeni TƏFƏRRÜATLAR

Bu gün səhər saatlarında Bakıda dəhşətli yol qəzası baş verib. Yük avtomobili sərnişin avtobusuna çırpılıb. Ağır yol nəqliyyat hadisəsi aerport şossesində qeydə alınıb. Hadisə zamanı 5 nəfər dünyasını dəyişib. 25 nəfər isə xəsarət alıb. Qəza ilə bağlı cinayət başlanıb. Hadisəni törətməkdə şübhəli bilinən yük avtomobilinin sürücüsü saxlanaraq, istintaqa cəlb olunub.

Səhər saatlarında paytaxt Bakıda aeroport şossesində ağır yol qəzası baş verib. İdarəetmədən çıxan yük avtomobili Mərdəkan istiqamətində hərəkətdə olan 171 nömrəli sərnişin avtobusuna çırpılıb.

Məlumata görə qəzaya səbəb yük avtomobilinin sürücüsünün sükan arxasında yuxulaması səbəb olub. Şahidlərin dediyinə görə qəza nəticəsində ölənlərin əksəriyyəti dayanacaqda avtobus gözləyən sərnişinlər olub.

Daxili İşlər Nazirliyinın yaydığı məlumata görə qəza nəticəsində yol kənarında dayanmış Bakı şəhər sakinləri Məhiyəddin Abdullayev, İlham Aslanov, İradə İsgəndərova və Mehbarə Yaqubova, eləcə də, avtobusdakı sərnişinlərdən Kəmalə Babayeva hadisə yerində həlak olub, 25 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Onlardan 8-i ilkin tibbi yardım aldıqdan sonra evlərinə buraxılıb, 17 nəfərin müalicəsi isə davam edir.

Araşdırmalardan sonra yük avtomobilinin sürücüsü qobustan rayon sakini, 2002-ci il təvəllüdlü Mahmud Əzizov şübhəli şəxs qismində saxlanaraq istintaqa cəlb edilib. Qəza ilə bağlı dövlət avtomobil nəqliyyatı xidmətinin yaydığı məlumatda isə bildirilib ki, Mahmud Əzizov heç bir qanuni əsas olmadan fəaliyyət göstərib. Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda maddəsi ilə cinayət işi başlanıb.

Xəbər lenti