Xəzər Xəbər

Vətən Müharibəsinin 17-ci günü: 13 oktyabrda nələr baş verdi? VİDEO

Veb TV | 20:18 • 13 Oktyabr 2021
Vətən Müharibəsinin 17-ci günü: 13 oktyabrda nələr baş verdi?

13 oktyabr 2020-ci il. Müharibənin bu günləri həm də mülki vətəndaşların orduya dəstəyi ilə yadda qalırdı. Bütün rayonlardan, kəndlərdən vətəndaşlar gücləri çatdığı qədər ordumuza dəstək verməyə çalışırdı.

Düşmən təxribatları isə öz ampulasında davam edir, şəhər və kəndlərimiz atəşə tutulurdu.

Saat 8:00-da Ermənistan silahlı qüvvələri Tərtər rayonunun ərazisini atəşə tutdu. Həmçinin humanitar atəşkəs rejimini kobudcasına pozan Ermənistan silahlı qüvvələri Goranboy və Ağdam rayonlarının ərazilərini atəşə məruz qoydu. Saat 09:30-da isə Ermənistan silahlı qüvvələri Ağcabədi rayonunun ərazisini atəşə tutdu.

Düşmənin terror hərəkətlərinə cəbhədə cavab verilirdi. Azərbaycan Ordusu tərəfindən həyata keçirilən fəaliyyətlər nəticəsində cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, 3 ədəd BM-21 "Qrad" YARS, 1 ədəd "Tor-M2KM" ZRK, 1 ədəd ZSU-23–4 "Şilka" özüyeriyən zenit qurğusu, 2 ədəd PDM-2, 3 ədəd 2A36 "Qiasint-B" topu, 1 ədəd KS-19 zenit topu, 1 ədəd D-20 haubitsa topu, 3 ədəd PUA, bir neçə avtomobil texnikası məhv edildi.

Döyüş əməliyyatları zamanı Ermənistan Silahlı Qüvvələrinin 5-ci dağatıcı alayının müdafiə sahəsində mövqe tutan şəxsi heyəti məhv edildi, 1-ci motoatıcı alayın bir bölüyə qədər canlı qüvvəsi pusquya salındı və hərəkətdə olan avtomobil texnikası sıradan çıxarıldı.

Əsgəran istiqamətində hərəkət edən 4-cü motoatıcı alayın avtomobil kolonu və Ermənistanın Sisian yaşayış məntəqəsi istiqamətindən işğal olunmuş ərazilərə doğru hərəkət edən könüllülərdən ibarət bir qrup, atəş zərbəsi ilə məhv edildi.

Həmçinin Müdafiə Nazirliyi işğaldan azad olunan Hadrut qəsəbəsinin görüntüsünü yayımladı. Bu kadrlar sonrada daha da çoxalacaq, bütün işğal edilən ərazilərimiz azad şəkildə bizlərə təqdim olunacaqdı. Bunun üçün isə ordumuza cəmi 27 gün vaxt lazım idi.

Xəbər lenti