Xəzər Xəbər

Prezident İlham Əliyevin “Nasionalnaya oborona” jurnalına müsahibəsi böyük maraq doğurub VİDEO

Veb TV | 20:00 • 25 Sentyabr 2021
Prezident İlham Əliyevin “Nasionalnaya oborona” jurnalına müsahibəsi böyük maraq doğurub

"Dağlıq Qarabağ yoxdur. Qarabağ iqtisadi rayonu var, Şərqi Zəngəzur iqtisadi rayonu var. Bunlar bizim ərazidir və bizdə hansı inzibati vahidlərin ola biləcəyini biz müəyyən etməliyik''.

Prezident İlham Əliyevin bu və digər açıqlamalarının yer aldığı Rusiyanın ''Nasionalnaya Oborona''  jurnalına verdiyi müsahibə böyük maraq doğurub.

Xezerxeber.az-ın məlumatına görə, müsahibədə dövlət başçısı  44 günlük Vətən müharibəsi ilə bağlı çoxsaylı sualları cavablandırıb, sülh prosesi və regionun gələcəyi ilə bağlı fikirlərini bölüşüb.

Millət vəkili Aydın Mirzəzadənin sözlərinə görə, dövlət başçısı müsahibəsində 44 günlük Vətən müharibəsində Azərbaycanın heç bir təxribata uymadığını, baş verən hadisələri ən xırda detallarına qədər şərh edib. Millət vəkili qeyd edib ki, dövlət başçısı müharibə dövründə Ermənistanın yaşayış məntəqələrimizi və dinc əhalini atəşə tutmasını bir daha diqqətə çatdırıb. Bununla da düşmənin hərbi və insanlıq əleyhinə cinayətlər törətməsini xüsusi vurğulayıb.

Aydın Mirzəzadə bildirib ki, dövlət başçısı işğaldan azad edilmiş torpaqlarda Azərbaycanın apardığı bərpa-yenidənqurma işləri haqqında ətraflı məlumat verməklə bir daha Ermənistanı ifşa edib və rəsmi İrəvanın siyasətinin mərkəzində vandalizmin dayandığını əyani sübutlarla diqqətə çatdırıb.

Politoloq Elxan Şahinoğlu hesab edir ki, Prezident İlham Əliyev müsahibəsində  Ermənistana sülh danışıqlarının başlaması, Zəngəzur dəhlizinin reallaşdırılması kimi təxirəsalınmaz və vacib ismarıclar verib. Xüsusilə vurğulayıb ki, Ermənistan Azərbaycanın yaratdığı reallıqlarla barışmalı, masa üzərindəki təkliflərlə razılaşmalı və Azərbaycanı qəzəbləndirməməlidir.

Politoloqun fikrincə, dövlət başçısının yürütdüyü siyasət Cənubi Qafqazda sülhün bərqarar olunmasına əsaslı töhfə verəcək. Bu siyasi xətdən irəli gələrək regionda əməkdaşlıq və sabitliyə nail olmaq üçün qətiyyət, xoş niyyət, humanistlik birtərəfli olmalı deyil. Yaxşı nəticələr yalnız o halda mümkündür ki, bu addımlara qarşılıq verilsin.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti