Xəzər Xəbər

Yol tikintisi bağ sahiblərinin işini çətinə saldı - Bu əraziyə gediş-gəliş mümkün olmayacaq VİDEO

Veb TV | 564 | 00:13 • 29 İyul 2021
Yol tikintisi bağ sahiblərinin işini çətinə saldı - Bu əraziyə gediş-gəliş mümkün olmayacaq

Bakı-Quba-Rusiya magistralının Quba-Xaçmaz yoluna birləşən hissəsində aparılan təmir işləri ərazidəki təsərrüfat sahiblərinin işini çətinə salıb. Ərazidəki təmirlə bağlı bağ sahibləri nə meyvələrini dərə bilirlər, nə də dərdikləri meyvəni daşıya. Üstəlik, onlara bildirilib ki, bu, müvəqqəti çətinlik deyil, onlar üçün ümumiyyətlə yol çəkilməyəcək. Yəni, 50 hektarlıq bağ sahəsinə gediş-gəliş mümkün olmayacaq. Aidiyyəti dövlət qurumu problemin həlli üçün hansısa addım atacaqmı?

İstifadəsi ödənişli olacaq magistral avtomobil yolunun tikintisi bağ sahiblərinin işini çətinə salıb.

Bura Bakı-Rusiya Federasiyası avtomagistralının Quba-Xaçmaz yolu ilə kəsişdiyi ərazidir. Quba-Xaçmaz yolunda salınan körpü Xaçmazın Yergüc və Armudpadar kənd sakinlərini yolsuz qoyub. Sakinlər bildirirlər ki, illərdir bu yolla bağlarına gedib-gəlirlər. Amma yeni salınan yol və körpü onların təsərrüfatlara gedən yolunu bağlayıb. Sakinlər nə bağlarına gedə, nə də yığdıqları meyvələri bazara və evlərinə gətirə bilirlər.

Bağ sahibləri bildirirlər ki, əvvəl onlara əlavə yol veriləcəyini güman etsələr də, sonradan məlum olub ki, onlara ümumiyyətlə yol ayrılmayıb və planda da belə bir yolun çəkilməsi yoxdur... 

Məsələ ilə bağlı tikinti şirkətindən "Xəzər Xəbər"ə bildirildi ki, yol problemi ilə bağlı onlara müraciət daxil olmayıb. "Əgər müraciət daxil olsaydı, biz bunu layihəyə salardıq. Artıq gecdir",- deyə şirkətdən bildirilib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli isə bildirdi ki, yaxınlıqda yerləşən ictimai iaşə obyektindən quruma rəsmi qaydada müraciət olunduğu üçün ora yol çəkilib. "Vətəndaşlar müraciət etsələr, məsələ araşdırılacaq və mümkün dərəcədə problemin aradan qaldırılması üçün müvafiq addımlar atıla bilər",- deyə Anar Nəcəfli bildirib.

Xəbər lenti