Xəzər Xəbər

Zibil qablarında məişət tullantıları aşıb daşır - Zibildaşıyan maşının sürücüsü nəyi seyr edir? VİDEO

Veb TV | 00:02 • 29 İyul 2021
Zibil qablarında məişət tullantıları aşıb daşır - Zibildaşıyan maşının sürücüsü nəyi seyr edir?

Abşeronda günlərlə daşınmayan zibil "XəzərXəbər"in çəkilişindən dərhal sonra ərazidən daşınıb. Əməkdaşlarımız hadisə yerində olublar. Zibillərin niyə günlərlə daşınmadan qaldığını araşdırmışıq.

Zibil qablarında məişət tullantıları aşıb daşır. Zibil daşıyan maşın isə gəlir, sürücüsü zibillərə tamaşa edir.

Daha sonra heç nə olmamış kimi maşına minərək ərazidən uşaqlaşır. Zibillər isə yerində qalır.

Görüntüləri Abşeron rayonu Xırdalan şəhər sakinləri qeydə alaraq "Xəzər Xəbər"in votsap nömrəsinə göndəriblər. Məsələnin təfərrüatlarını araşdırmaq üçün əməkdaşlarımız hadisə yerinə gediblər. Sakinlər iddia edirlər ki, tullantılar elə vaxt olur günlərlə daşınmır. Üfunətdən ərazidən keçmək olmur.

Ərazidə yaşayan sakinlərin sözlərinə görə, zibil qabları üçün ərazi düzgün seçilməyib. Üstəlik, qablar da standartlara cavab vermir.

"XəzərXəbər"in ərazidə çəkiliş etdiyini eşidən Abadlıq Kommunal Xidmətlər İdarəsinin sahə rəisi həmin ünvana gələrək sakinlərin narazılığına aydınlıq gətirdi. Bildirdi ki, ərazidə tullantıların gündəlik daşınmaması həqiqəti əks etdirmir. Qaldı ki, videoda olan görüntüyə, həmin vaxt zibildaşıyan avtomobil nasaz olduğundan təmirə göndərilib.

Məsələ ilə bağlı Abşeron Rayon İcra Hakimiyyəti başçısının müavini İlham Quliyev "Xəzər xəbər"ə bildirdi ki, Xırdalan şəhərinin 200 min nəfərə yaxın əhalisi var. Həm əhali çoxluğu, həm də yay dövründə tullantıların miqdarının artması bəzən problemlərə səbəb olur. "Çünki Abadlıq Kommunal Xidmətlər İdarəsinin balansında cəmi 3-4 zibildaşıyan avtomobil var ki, bu da kifayət eləmir. Bəzən avtomobillərdən biri xarab olduqda, təmirlə əlaqədar tullantıların daşınması ilə bağlı bir neçə saatlıq gecikmələr yaranır. Yeni avtomobillərin alınması üçün Nazirlər Kabinetinə müraciət olunub. Maşınlar yeniləndikdən sonra bu problem tamamilə aradan qaldırılacaq",- deyə İlham Quliyev əlavə edib.

Xəbər lenti