Xəzər Xəbər

Sakinləri aldadıb su xətlərinə görə pul aldılar VİDEO

Veb TV | 23:33 • 28 İyul 2021
Sakinləri aldadıb su xətlərinə görə pul aldılar

Xəzər rayonu "Albalılıq 2" yaşayış massivində ev alqı-satqısı ilə məşğul olan bir qrup şəxs sakinləri aldadaraq, evlərinə qanunsuz yolla su xətləri çəkiblər. Şirvan şəhərində isə sahibkar qanunvericiliyin tələblərini kobud surətdə pozaraq sudan qeyri-qanuni istifadə edib. 

Sakinləri aldadaraq, pullarını alıb, evlərinə qanunsuz su xətləri çəkiblər. 

Xəzər rayonu "Albalılıq-2" adlanan massivdə yaşayan bir qrup sakin işbazların qurbanı olub. Ev alqı-satqısı ilə məşğul olan bir qrup şəxs onları aldadaraq qanunsuz yolla evlərinə su xətləri çəkiblər.

Araşdırma zamanı məlum olub ki, ərazinin yaxınlığında su xətti yoxdur. Elə buna görə də işbazlar təxminən 1 kilometrlik məsafədən 50 mm-lik boru ilə su çəkərək paylayıcı kollektor quraşdırıblar. Və beləcə evlərə fərdi su xətləri verilib. Xəzər Sukanal İdarəsinin əməkdaşları isə aşkarlanan qanunsuz xətləri kəsərək, sudan qeyri-qanuni istifadənin qarşısını alıblar. 

Hazırda özünü "Azərsu" ASC-nin əməkdaşı kimi təqdim edərək,  sakinləri aldadan şəxslərin kimliyi dəqiqləşdirilir və hüquq mühafizə orqanlarına təqdim etmək üçün lazımi sənədlər hazırlanır. 

Daha bir qanunsuzluq faktı isə Şirvan şəhərində aşkarlanıb. Şəhərin Zülfi Hacıyev küçəsi, ev 8/A ünvanında yerləşən "Təmiz su" istehsal və satış müəssisəsi Bəhruz Nərimanova məxsus fərdi evin xəttindən rezin boru vasitəsilə su çəkərək, istifadə edib. Qanunvericiliyin tələblərinə uyğun olaraq, su istehsalı müəssisəsinin və fərdi evin su təchizatı dayandırılıb. Qeyd edək ki, içməli sudan xammal kimi istifadə edənlər 1 kubmetr suya görə 8 manat ödəməli olduqları halda, sözügedən sahibkar isə fərdi evdən götürdüyü suya görə heç bir ödəniş etməyib.

 

 

 

Xəbər lenti