Xəzər Xəbər

Ermənistana rəsmi xəbərdarlıq edildi - ƏKS HALDA ORDUMUZ... VİDEO

Veb TV | 633 | 19:54 • 28 İyul 2021
Ermənistana rəsmi xəbərdarlıq edildi - ƏKS HALDA ORDUMUZ...

Ermənistan ordusu təxribat törətməkdə davam edir. Kəlbəcərdə mövqelərimizin intensiv atəşə tutulması nəticəsində iki hərbi qulluqçumuz yaralanıb. Ermənistan isə 3 hərbçisini itirdiyini, daha üçünün də yaralandığını açıqlayıb. Bu gün saat 10.00-dan atəşkəs elan olunsa da, Ermənistan tərəfi ona da əməl etməyib. Xarici İşlər Nazirliyi Ermənistan-Azərbaycan dövlət sərhədindəki vəziyyətlə bağlı bəyanat yayıb. Bildirilib ki, ərazi bütövlüyümüzə qarşı atılacaq hər hansı addım qətiyyətlə cavablandırılacaq.

Kəlbəcərdə mövqelərimiz növbəti dəfə intensiv atəşə tutulub, iki hərbi qulluqçumuz yaralanıb.

Bu barədə məlumatı Müdafiə Nazirliyi yayıb. Bildirilib ki, Ermənistan silahlı qüvvələrinin bölmələri Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu sahəsində təxribat törətməyə davam edib. İyulun 28-i saat 00:50 radələrindən başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonu ərazisindəki müxtəlif istiqamətlərdə yerləşən döyüş mövqelərindən ordumuzun Kəlbəcər rayonu ərazisindəki mövqelərini atıcı silahlar və qumbaraatanlardan növbəti dəfə intensiv atəşə tutub. Qarşı tərəfdən açılan atəş nəticəsində iki hərbi qulluqçumuz - Sadiq Əliyev və İmran İmranlı yaralanıb. Yaralılara ilkin tibbi yardım göstərilib, onların həyatları üçün təhlükə yoxdur. 

Qeyd edilib ki, bölmələrimiz qarşı tərəfin atəş nöqtələrinin neytrallaşdırılması istiqamətində zəruri addımlar atıb. Ermənistan ərazisində guya mülki obyektlərə zərərin yetirilməsi barədə xəbərlər yalandır və sırf dezinformasiya məqsədi daşıyır. Ermənistan hərbi-siyasi rəhbərliyi ənənələrinə sadiq olaraq Ermənistan ictimaiyyətini və beynəlxalq aləmi çaşdırmaq üçün yalan məlumatlar yaymaqda davam edir. 

Ordumuzun Kəlbəcər rayonu istiqamətində yerləşən bölmələrinin adekvat cavab tədbirləri nəticəsində Ermənistan ordusunun 3 hərbçisi məhv edilib. Ermənistan Müdafiə Nazirliyi ölən hərbçilərinin adlarını da açıqlayıb. Bildirilib ki, onlar Baş leytenant Ayk Qevorkyan, əsgərlər - Koryun Arutyunyan və David Koçaryandır. Döyüşlər zamanı daha 3 hərbçinin yaralandığı qeyd olunur.

Ermənistan-Azərbaycan dövlət sərhədində Bakı vaxtı ilə saat 10:00-dan etibarən atəşkəsin elan olunması ilə bağlı Rusiyanın təşəbbüsü də Azərbaycan tərəfindən qəbul edilib. Buna baxmayaraq, Ermənistan tərəfi əlavə olaraq tank və 120-millimetrlik minaatanlardan istifadə etməklə vəziyyəti gərginləşdirməkdə və mövqelərimizi atəşə tutmaqda davam edib. 

Xarici İşlər Naziriliyi də Ermənistan-Azərbaycan dövlət sərhədindəki vəziyyətlə bağlı bəyanat yayıb. 

Hazırda təxribatların törədildiyi istiqamətdə əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

 

Xəbər lenti