Xəzər Xəbər

Polis narkotacirlərə qarşı əməliyyatlar keçirib - Saxlanılanlar var VİDEO

Veb TV | 21:22 • 24 İyul 2021
Polis narkotacirlərə qarşı əməliyyatlar keçirib - Saxlanılanlar var

Polis əməkdaşlarının müxtəlif rayonlarda  keçirdiyi əməliyyat tədbirləri nəticəsində narkotik tərkibli bitkilərin kultivasiyası və satışı ilə məşğul olmaqda şübhəli bilinən şəxslər  saxlanıb. Onlardan  aşkar edilən narkotik maddələr götürülüb. Faktlarla bağlı cinayət işi başlanıb

Salyan sakinlərindən 15 kiloqram narkotik vasitə olan qurudulmuş marixuana və tiryək götürülüb

Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində küllü miqdarda tiryək və qurudulmuş marixuana dövriyyədən çıxarılıb.Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən  51 yaşlı Elman Ağayev saxlanılıb. 

Onun üzərinə və çalışdığı avtoyuma məntəqəsinə keçirilən baxış zamanı təmiz çəkisi 1 kiloqram 100 qram narkotik vasitə olan  tiryək aşkar edilərək götürülüb. Elman Ağayev istintaqa  narkotik vasitənin ona məxsus olduğunu və heç kimin tapa bilməməsi üçün məntəqədə gizlətdiyini etiraf edib.

Keçirilən digər əməliyyat tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi, satışı ilə məşğul olan və həmçinin narkotik tərkibli çətənə bitkisini aqrotexniki qaydalara uyğun əkib- becərməkdə şübhəli bilinən rayonun Arbatan kənd sakini, 54 yaşlı Vilayət Qədirov saxlanılıb. 

Ona məxsus kənd ərazisində yerləşən fərdi yaşayış evinə baxış zamanı oradan təmiz çəkisi 15 kiloqramdan artıq olan 3 kisə qurudulmuş marixuana, eləcə də həyətyanı sahədən aqrotexniki qaydada qulluq edilərək yetişdirilən 9 ədəd çətənə bitkisi aşkarlanaraq maddi sübut kimi götürülüb.

Vilayət Qədirov istintaqa narkotik tərkibli bitkilərin aqrotexniki qaydalara uyğun yetişdirilməsi ilə  məşğul olduğunu və rayon ərazisində narkotiklərin satışını həyata keçirdiyini etiraf edib.

Şirvan Şəhər Polis Şöbəsinin keçirdikları əməliyyat tədbirləri nəticəsində şəhər ərazisində  "patı" satan 5 nəfər saxlanılıb

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində onların şəhər sakinləri, 25 yaşlı Yusif  Hüseynzadə, 32 yaşlı  Daxıl Hüseynov, 48 yaşlı Zakir Məmmədov, 46 yaşlı Kamal Cəfərov və 33 yaşlı  Tacir Əliyev olduqları müəyyən edilib. Saxlanılan zaman həmin şəxslərin üzərinə  keçirilən baxış zamanı onlardan narkotik maddələr olan metamfetamin, heroin və qurudulmuş marixuana aşkar edilərək götürülüb. 

Ağdaş sakinləri də  küllü miqdarda narkotik və "patı" ilə saxlanılıb. Ağdaş şəhər sakini Araz Cabbarovun yaşadığı ünvana baxış keçirilərkən həyətyanı sahədən xüsusi qulluq göstərilməklə yetişdirilən, ümumi çəkisi 21 kiloqramdan artıq olan 22 ədəd çətənə kolu aşkarlanıb.Həmçinin, davam etdirilən tədbirlərlə onun evində gizlətdiyi 118 qram heroin, qurudulmuş marixuana və "patı" kimi tanınan psixotrop maddə metamfetamin də  qablaşdırılaraq maddi sübut kimi götürülüb.

Keçirilən digər bir əməliyyat tədbiri nəticəsində isə üzərində psixotrop maddə daşımaqda şübhəli bilinən şəhər sakini Mahir Vəliyev saxlanılıb. Şəxsi axtarış zamanı həmin şəxsdən metamfetamin aşkarlanaraq götürülüb.

Xəbər lenti