Xəzər Xəbər

Avtomobilin harda olduğunu necə öyrənə bilərik?- Qeyd olunan nömrələr işləmir VİDEO

Veb TV | 21:15 • 21 İyul 2021
Avtomobilin harda olduğunu necə öyrənə bilərik?- Qeyd olunan nömrələr işləmir

Paytaxt küçələrində hərəkət iştirakçılarına mane olan avtomobillərin evakuatorla götürülüb aparıldığı ünvan haqqında məlumat verən lövhələrdəki telefon nömrələri işləmir. Sürücülər bildirirlər ki, avtomobillərini tapmadıqlarında hara müraciət edəcəklərini bilmirlər. Onlar bu problemin ən qısa zamanda həll olunmasını istəyirlər. Bəs bu məsələyə aidiyyəti qurumlar nə deyirlər? 

Paytaxt sakini evakuasiya olunmuş avtomobillərin yerinin öyrənilməsində qarşılaşılan vəziyyətdən şikayətçidir. Çünki evakuatorun apardığı avtomobillərin yerinin müəyyənləşdirilməsi üçün yerləşdirilən məlumatlandırıcı lövhələrin üzərində qeyd olunan telefon nömrələri işləmir.

Paytaxtın Salatın Əsgərova, İstiqlaliyyət və Rəşid Behbudov küçələrində bu lövhələr hələ də qalmaqdadır. Lövhələrdə işləməyən nömrələrin qeyd olunması isə sürücüləri narahat edir...

Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirdi ki, bu lövhələr Dövlət Yol Polis İdarəsi tərəfindən quraşdırılıb. Bakı Nəqliyyat Agentliyi tərəfindən çəkilən bütün avtomobillər isə Qış parkına aparılır.

Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin baş inspektoru Araz Əsgərli bu lövhələrin artıq əhəmiyyətini itirdiyini qeyd etdi. Bildirdi ki, lövhələrə nəzarət  2018-ci ilə qədər idarənin səlahiyyətində olub, daha sonra bu nəzarət Bakı Nəqliyyat Agentliyinə verilib.

Araz Əsgərli onu da qeyd etdi ki, avtomobilləri evakuasiya olunmuş vətəndaşlar avtomobillərinin aparıldığı yeri öyrənmək üçün Daxili İşlər Nazirliyinin 102 və ya 902 qaynar xətti, həmçinin post patrul xidməti ilə əlaqə saxlaya bilərlər.

 

Xəbər lenti