Xəzər Xəbər

Suqovuşanda arzusuna qovuşan şəhid Nazim Beydiyev VİDEO

Veb TV | 19:20 • 21 İyul 2021
Suqovuşanda arzusuna qovuşan şəhid Nazim Beydiyev

Atasının yolunu seçərək  vətənin bütövlüyü uğrunda qorxmadan çəkinmədən savaşdı. Ağır döyüşlərdə , çətin əməliyyatlarda iştirak etdi. Şəhadətə yüksəldi. Azad və qalib  ölkənin 3 rəngli bayrağına sarılan şəhidimiz  oldu. 

''Vətən üçün candan keçməyə dəyər'' dedi və qəhrəmanlıq göstərib adını tarixə yazdı. Elə bu yolda şəhadətə yüksəldi. 

2-ci Qarabağ müharibəsində canından keçərək şəhid olan igid oğullarımızdan biri də Şamaxının Mirikənd kənd sakini Beydiyev Nazim Eynulla oğludur. Orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanan Nazim xidmətini bitirdikdən sonra yenidən ordu sıralarına qayıdıb. Müddətdən artıq hərbi qulluqçu kimi Vətənin keşiyində dayanmağa davam edib. Çalışdığı bir neçə il ərzində özünü səliqəli, nizam-intizamlı hərbi qulluqçu kimi tanıdıb, bir sıra təltiflərə layiq görülüb. 

Sentyabrın 27-si müharibə başlayanda Nazim də ön cəbhədə - səngərdə düşmənlə üz-üzə dayanıb. Murovdağ, Ağdərə və Suqovuşan istiqamətlərində gedən ağır döyüşlərin iştirak edib. 

"Oğul düşmən çəpəridir, getdi, düşmənə çəpər oldu" deyir qəlbi dağlı ana... Danışanda belə dili əsir, gözlərindəki qəhər dilini dolaşdırır.

Oktyabrın 3-ü əmisinə zəng edib Nazimin ağır yaralı olduğunu deyiblər. Çox çəkməyib ki, son döyüş yeri olan Suqovuşanda şəhid olması xəbəri gəlib.

"Atasızlığı bir dəfə dadmışdım. Amma Nazim mənə yaşatdığı bu dərd daha ağır oldu" deyir qəlbi dağlı gözüyaşlı bacısı... Deyir, Nazim bu gedişi ilə canımın yarısını söküb apardı.

Nazim Beydiyev Şamaxı Şəhidlər Xiyabanında dəfn olunub. O, ölümündən sonra "Vətən uğrunda" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib. Onu da qeyd edək ki, Nazimin atası da birinci Qarabağ müharibəsinin iştrakçısı olub.

Xəbər lenti