Xəzər Xəbər

Qəbələnin bu kəndinin adı sakinləri utandırır VİDEO

Sakinlər kəndin adının dəyişdirilməsini istəyirlər
Veb TV | 20:21 • 19 İyun 2021
Qəbələnin bu kəndinin adı sakinləri utandırır

Qəbələnin Tola kəndinin sakinləri yaşadıqları məntəqənin adının dəyişdirilməsini istəyirlər.

Xezerxeber.az-ın məlumatına görə, Qəbələnin ən qədim yaşayış məntəqələrindən biri də Tola kəndidir.

Sakinlərin sözlərinə görə, kəndin ərazisini qazdıqda qəbirlər və kürə yerləri çıxıb. Onlar da kərpicdən tikilib. Burada yaşayan qədim tayfalar kərpicə tola deyiblər. O vaxtdan da kəndin adı Tola qalıb. Sonradan isə sənədlərdə Tovla yazılıb. Hətta Tövlə yazılan sənədlər də var.

Sakinlər kəndin adının dəyişdirilməsini istəyirlər. Onlar deyirlər ki, ad nə olur olsun, bircə Tövlə sözü silinib getsin.

Məsələ ilə bağlı Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Cavid Osmanov bildirib ki, yaşayış məntəqələrinin adlarının dəyişdirlməsi "Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında" qanunla tənzimlənir. Burada ərazinin tarixi və coğrafi mövqeyi nəzərə alınır. Tarixi adların dəyişdirilməsi qanunla qadağandır. Digər hallarda isə adın dəyişdirilməsi üçün ilk növbədə yaşayış məntəqəsinin sakinlərinin yığıncağı keçirilməlidir. Əgər həmin yaşayış məntəqəsində poçt şöbəsi və ya dəmiryol stansiyası varsa, onların adı qeyd edilmiş məktublar da icra hakimiyyətinin müraciətinə əlavə edilməlidir. Bundan sonra isə məsələyə Milli Məclisin Toponimiya komissiyasında baxılır. Ardınca da müvafiq komitələrdə razılışdırıldıqdan sonra qəbul edilməsi üçün plenar iclasa çıxarılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti