Xəzər Xəbər

Pensiya yaşı aşağı salınsın, əlilliyin təyinatı ilə bağlı problemlər aradan qaldırılsın - Parlamentdə gərgin müzakirə VİDEO

Veb TV | 20:14 • 11 İyun 2021
Pensiya yaşı aşağı salınsın, əlilliyin təyinatı ilə bağlı problemlər aradan qaldırılsın - Parlamentdə gərgin müzakirə

"Azərbaycanda əhalinin 7%-i 65 yaşdan yuxarıdır. Deməli, cəmi 7% əhali pensiya ala bilir".

Xezerxeber.az-ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən növbədənkənar plenar iclasında "Əlilliyi olan şəxslərin hüquqları haqqında" qanuna təklif edilən dəyişikliklərin müzakirəsi zamanı deputat Qüdrət Həsənquliyev deyib.

Deputat bildirib ki, Azərbaycanda pensiya yaşını orta yaşa uyğunlaşdırmaq lazımdır.

Bəzi millət vəkilləri "Əlilliyi olan şəxslərin hüquqları haqqında" qanuna təklif edilən dəyişikliklərdə bəzi detalların çatışmadığını və müvafiq düzəlişlərin edilməsinə ehtiyac olduğunu bildiriblər.

Millət vəkili Əli Məsimli saxta əlilliklər ləğv olunan zaman xeyli sayda həqiqi əlilin haqqının tapdalandığını söyləyib. O, qanuna dəyişiklikdə bu amillərin nəzərə alınmasının vacib olduğunu qeyd edib.

Deputat Vahid Əhmədov da sözügedən layihəyə etiraz edib. O, əlilliyi müəyyən edən faiz dərəcələrində problemin olduğunu bildirib.

Millət vəkili Aqil Abbas da həm pensiya yaşının çox olmasını, həm də qanuna edilən dəyişikliklərin düzgün olmadığını bildirib.

Deputat Bəhruz Məhərrəmov isə əlilliyin 2 qurum tərəfindən təyin olunmasının hazırda bir sıra problemlər yaratdığını deyib.

Tənqidlərə münasibət bildirən Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib ki, bir çox ölkələrdə bu metod tətbiq edilir. Qanun layihəsi qəbul edildikdən sonra 6 ay müddətində tətbiqi ilə bağlı yerli və xarici ekspertlərlə bərabər icra mexanizmi üzərində işlənəcək.

Sonda "Əlilliyi olan şəxslərin hüquqları haqqında" qanuna təklif edilən dəyişiklikləri ikinci oxunuşda qəbul edib. 13 deputat layihənin əleyhinə səs verib.

Gələn həftə Milli Məclisdə bu qanun layihəsinin müzakirəsi geniş formatda təşkil olunacaq. Aidiyyəti dövlət orqanları da bu iclasda iştirak edəcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti