Xəzər Xəbər

Marşrut xətlərinə əlavə ekspress avtobuslar buraxılacaq VİDEO

Veb TV | 20:45 • 10 İyun 2021
Marşrut xətlərinə əlavə ekspress avtobuslar buraxılacaq

AVRO-2020 futbol üzrə Avropa çempionatı günləri Bakı Nəqliyyat Agentliyi xəttə əlavə ekspress avtobuslar buraxacaq.

Xezerxeber.az-ın məlumatına görə, azarkeşlər bu marşrut xətləri vasitəsilə Bakı Olimpiya Stadionuna pulsuz çatdırılacaqlar.

Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayevin sözlərinə görə,  azarkeşlərin rahat daşınması üçün 4 istiqamət üzrə ekspress xətt təşkil ediləcək. Yerli azarkeşlər bunlardan yalnız ikisi - X-1 və X-2 marşrut xətti ilə daşınacaqlar.

Hər iki xətt oyunun başlama vaxtından 3 saat əvvəl işə düşəcək və oyunun başlanmasına 30 dəqiqə qalanadək davam edəcək. Xarici azarkeşlərə gəlincə, onların daşınmaları P21 və P22 marşrut xətləri üzrə reallaşdırılacaq və daşımalar səhər saatlarından start götürəcək. Bu ekspress avtobuslardan yerli azarkeşlərin istifadəsinə isə icazə verilməyəcək.

Mais Ağayevin sözlərinə görə, oyun bitdikdən sonra sonuncu azarkeş ünvana çatdırılana qədər daşımalar davam etdiriləcək və lazım gələrsə, xəttə yeni avtobuslar da cəlb olunacaq. Akkreditasiyadan keçmiş media işçiləri və könüllülər isə iyulun 5-dən etibarən müntəzəm marşrut xətləri üzrə avtobuslardan ödənişsiz istifadə edə bilərlər.

Mais Ağayev onu da bildirib ki, ictimai nəqliyyatın gündəlik fəaliyyətində heç bir dəyişiklik olmayacaq. Həftənin şənbə və bazar günlərinə təsadüf edən oyun günləri isə ictimai nəqliyyat da ənənəvi qaydada sərnişinlərin xidmətində olacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti