Xəzər Xəbər

Şəhid hərbçilərimiz dəfn edilib VİDEO

Veb TV | 20:04 • 16 May 2021
Şəhid hərbçilərimiz dəfn edilib

Ötən gün İranla sərhəddə, Yardımlı rayonu ərazisində sərhəd pozucularının açdıqları atəş nəticəsində həlak olmuş Dövlət Sərhəd Xidmətinin kiçik giziri Fərid Alimov Qubada dəfn edilib.

Xezerxeber.az-ın məlumatına görə, onun cənazəsi rayonun Yeni Güləzi kəndindəki evinə gətirilib.

Vida mərasimində kiçik gizirin yaxınları, dövlət rəsmiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Mərasimdən sonra Fərid Alimov kənd qəbiristanlığında dəfn olunub.

Qeyd edək ki, Fərid Alimov evli idi və bir azyaşlı qızı var.

Sərhəd pozucularının sərhəd naryadına qarşı odlu silahdan istifadə etməsi nəticəsində həlak olmuş baş-leytenant Samir Eyvazovla da vida mərasimi keçirilib. O, Tovuzun Bozalqanlı kəndində silahdaşlarının açdığı yaylım atəşinin sədaları altında torpağa tapşırılıb. 26 yaşlı Samir Eyvazov də ailəli olub, bir oğul övladı var.

Baş Prokurorluğun yaydığı məlumata görə, dünən Yardımlı rayonu­nun Gendərə kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində sərhədçilərimizə atəş açan pozuculardan biri saxlanıb. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində saxlanılan şəxsin İran vətəndaşı Bərgi Həsənəli olması müəyyən edilib.

Faktla bağlı Hərbi Prokurorluq tərəfindən Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işi başlanıb.

Hadisə yerinə baxış zamanı sərhəd pozucularının qanunsuz yolla ölkə ərazisinə gətirdikləri narkotik vasitə hesab olunan 3840 qram "marixuana" və 95 qram "metamfetamin", güclü təsiredici maddə olan 17 min 715 ədəd həb, eləcə də odlu silaha aid gilizlər və digər maddi subutlar aşkar olunaraq götürülüb.

İstintaq zamanı Bərgi Həsənəli şübhəli şəxs qismində istintaqa cəlb olunub. Cinayət işi Baş Prokurorluğun rəhbərliyi tərəfindən nəzarətə götürülüb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti