Xəzər Xəbər

"Xarıbülbül" festivalı Azərbaycanın həm də multikultural ölkə olduğunun sübutu idi VİDEO

Veb TV | 21:55 • 14 May 2021
"Xarıbülbül" festivalı Azərbaycanın həm də multikultural ölkə olduğunun sübutu idi

"Xarıbülbül" festivalı illərdir milli musiqimizə həsrət qalan əziz Şuşanı dirçəltdi.

Bu iki günə 30 ilin həsrətini sığdırdı bütün Azərbaycan. Şuşadan olan və ya olmayan, Şuşadakı gözəlliyin canlı şahidi olan və ya gedə bilməyib ekranlardan o möhtəşəm anları izləyənlərin ortaq bir hissi var idi. Fəxr, qürur hissi. Milli musiqilərimiz səsləndikcə qeyri-ixtiyari hər kəsin gözü doldu, qəlbi quş tək uçdu.

Ən son 1982-ci ildə Şuşada keçirilən festivalda çıxış edən Xalq artisti Fərhad Bədəlbəyli uzun illərin həsrətinə gözəl ifası ilə son qoydu.

Şuşaya gedəndə nələr yaşayacağını, nə hisslər keçirəcəyini bilmirdi deyir Xalq artisti Firəngiz Mütəllimova: "Şuşaya ayaq basanda ilk etdiyim şey illərdir həsrətini çəkdiyim torpağı öpmək oldu".

Festivalla Azərbaycan bütün dünyaya tolerant, multikultural ölkə olduğunu bir daha sübut etdi. Ölkəmizdə yaşayan müxtəlif xalqların musiqi qrupları və ifaçıları öz çıxışları ilə Azərbaycanın millətindən, dinindən asılı olmayaraq hər bir kəsin vahid Vətəni olduğu mesajını bütün dünyaya çatdırdı.

Artıq mənən dirçəldik, hətta təbiət də dirçəldi. Bundan sonra Cıdır düzündə heç bir tarixi olmayan mənasız erməni mahnıları deyil, hər notuyla qəlblərə toxunan, könül oxşayan milli musiqilərimiz səslənəcək. Bundan sonra hər il Şuşadan Xanın səsi gələcək, hər küçədə Qarabağ şikəstəsi, Bayatı-Şiraz, şur, seygah, cahargah səslənəcək, yenə tarın, kamanın şux səsi eşidiləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti