Xəzər Xəbər

Xətai, Cəlilabad və İsmayılı rayonlarında ağır yol qəzaları baş verib, üç nəfər ölüb VİDEO

Veb TV | 20:09 • 14 May 2021
Xətai, Cəlilabad və İsmayılı rayonlarında ağır yol qəzaları baş verib, üç nəfər ölüb

Cəlilabadda atanın törətdiyi ağır avtomobil qəzası  qızının ölümü ilə nəticələnib.

Xezerxeber.az-ın məlumatına görə, hadisə yeni Ələt-Astara magistral yolunun Cəlilabad rayonunun Göytəpə şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.

Lənkaran sakini, 38 yaşlı  Məhəmməd Qədimovun idarə etdiyi avtomobil sürətlə hərəkətdə olarkən qəfil idarəetmədən çıxıb və yolun kənarına aşıb. Qəza nəticəsində sürücü yüngül xəsarətlərlə qurtulsa da, onun  12 yaşlı qızı Ruqiyyə Qədimzadə aldığı ağır xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

İsmayıllı rayonunda da ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə İsmayıllı-Qəbələ yolunun Topçu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Rayonun Cülyan kənd sakini, 1991-ci il təvəllüdlü Qafarov Qəşəm Firudin oğlu  minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib və maşın yoldan çıxaraq ağaca çırpılıb. Ağır bədən xəsarətləri alan sürücü dünyasını dəyişib.

Paytaxtın Xətai rayonu, Babək prospektində də qəza baş verib. Hadisə şahidlərinin məlumatına görə, kiçik yük avtomobili  hərəkətdə olan minik avtomobilini arxadan vurub. Nəticədə minik avtomobili idarəetmədən çıxaraq mebel salonunun zirzəmisinin qoruyucu hasarına çırpılıb. Qəza zamanı ölən və ya xəsarət alan olmayıb.

Hər 3 faktla bağlı araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti