Xəzər Xəbər

Prezidentlə ailəsi Şuşaya gedib - Şuşada “Xarıbülbül” festivalı keçirildi VİDEO

Veb TV | 22:10 • 12 May 2021
Prezidentlə ailəsi Şuşaya gedib - Şuşada “Xarıbülbül” festivalı keçirildi

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva Şuşada səfərdədirlər. Səfər çərçivəsində dövlət başçısı yeni məscidin təməlini qoyub. Prezident İlham Əliyev və ailə üzvləri "Xan qızı" bulağında da olublar. Ardınca isə "Xarıbülbül" festivalının açılışında iştirak ediblər. 

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva Şuşada səfərdədirlər.

Səfər çərçivəsində Şuşada yeni məscidin təməli qoyulub. Prezident İlham Əliyev və ailə üzvləri tədbirdə iştirak ediblər. Məscidin təməlini qoyan Prezident İlham Əliyev bildirib ki, Şuşa şəhərində vaxtilə 17 məscid olub və mənfur düşmən onların hamısını dağıdıb. Üç məscid yarıdağıdılmış vəziyyətdə idi - Yuxarı və Aşağı Gövhərağa və Saatlı məscidləri. Onların da təmiri ilə bağlı göstəriş verilib. "Bu məscid, bunun memarlığı rəmzi xarakter daşımalıdır. Ona görə təklif etdim ki, məscidin forması 8 rəqəmini əks etdirməlidir. Çünki noyabrın 8-də biz Şuşanı işğalçılardan azad etdik və 8 noyabr Azərbaycanda artıq rəsmi olaraq zəfər günüdür. Məscidin iki minarəsi 11 rəqəmini əks etdirməlidir. Onbirinci ayda Şuşa və Qarabağ tam işğaldan azad edildi. Məscidin yeri də təsadüfən seçilmədi. Bu, şuşa şəhərinin yuxarı hissəsidir və burada ucaldılacaq məscid şəhərə bir dominant kimi hakim olacaq. Belə də olmalıdır. Çünki Şuşa bizim qədim şəhərimizdir, Azərbaycan şəhəridir, azərbaycanlılar tərəfindən salınıb",- deyə Prezident vurğulayıb.

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva Şuşada "Xan qızı" bulağında da olublar. Dövlət başçısı və ailə üzvləri bulağın suyundan içiblər.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada "Xarıbülbül" festivalının açılışında da iştirak ediblər. Dövlət başçısı və ailə üzvləri Şuşada Cıdır düzündə təşkil olunan "Xarıbülbül" musiqi festivalına gəliblər.

Prezident İlham Əliyev çıxış edərək uzun fasilədən sonra Cıdır düzündə "Xarıbülbül" festivalının keçirilməsi münasibətilə Azərbaycan xalqını təbrik edib. 

Dövlət başçısı qeyd edib ki, "Xarıbülbül" festivalı Şuşada hər il keçiriləcək. Builki festival Azərbaycanda yaşayan xalqların nümayəndələrini əhatə edir.

Şuşanı Azərbaycan xalqının milli sərvəti adlandıran Prezident İlham Əliyev gələn il bu şəhərin 270 illiyinin qeyd ediləcəyini deyib.

Yuxarı Gövhərağa məscidinin təmir edildiyini vurğulayan Prezident İlham Əliyev sabah orada bayram namazının qılınacağını deyib. Dini, milli, mənəvi köklərimizə bağlı xalq olduğumuzu bildirən dövlət başçısı artıq Şuşada bərpa prosesinin başlandığını söyləyib.

Sonra "Xarıbülbül" festivalı başlayıb. Prezident İlham Əliyev və ailə üzvləri festival ifaçılarının çıxışlarını dinləyiblər.

 

Xəbər lenti