Xəzər Xəbər

Sumqayıtda gecə saatlarında ağaclar kəsildi VİDEO

Veb TV | 21:47 • 12 May 2021
Sumqayıtda gecə saatlarında ağaclar kəsildi

Sumqayıtda gecə saatlarında 50 illik ağaclar kəsilib. Həm də sakinlərin gözləri qarşısında. Şikayətlərdən sonra araşdırmalara başlanıb. Ekoloji cinayəti törədən şəxsin kimliyi müəyyənləşdirilib.

Sumqayıtda gecə saatlarında ağaclar kəsilib.

Hadisə Sülh prospektində, 30-cü məhəllə ərazisində, Zoomağazanın yanında baş verib. Gecə saatlarında elektrik mişarı vasitəsilə yaş kök üstə, bioloji inkişafda olan 50 illik şam və küknar ağacları doğranaraq məhv edilib. 

Ətrafda yaşayan sakinlər buna etiraz edərək, hadisəni telefonları ilə çəkiblər, həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyi və polis idarəsinə müraciət ediblər.

Sumqayıt şəhər İcra hakimiyyətindən bildirilib ki, ağac kəsən şəxsin aşkar olunması və hadisəyə hüquqi qiymət verilməsi üçün şəhər icra hakimiyyəti tərəfindən aidiyyatı qurumlara məlumat verilib. Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət Xidmətin əməkdaşları tərəfindən yerində araşdırılıb və fakt təsdiqini tapıb. Regional Ekologiya İdarəsinin rəsmisi Fərid Piriyev bildirib ki, araşdırma zamanı sözügedən ərazidə Ağanasib Kamilov tərəfindən 2 ağacın kəsildiyi və təbiətə 2700 manat məbləğində ziyan dəydiyi müəyyən edilib. Faktla bağlı akt tərtib olunub. "Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər Sumqayıt şəhər prokurorluğuna göndəriləcək. Kəsilmiş ağacların yerinə isə yeniləri əkilib", - deyə Fərid Piriyev bildirib.

 

Xəbər lenti