Xəzər Xəbər

Hansı halda tibbi sığortadan istifadə üçün qeydiyyata dair sənəd tələb edilir? video

Veb TV | 21:37 • 6 May 2021
Hansı halda tibbi sığortadan istifadə üçün qeydiyyata dair sənəd tələb edilir?

İcbari tibbi sığorta çərçivəsində ilkin tibbi müəssisələrə təhkim olunma və ailə həkimi seçimi vətəndaşların ərizəsi əsasında seçilir. 18 yaşına çatmayan vətəndaşlar üçün isə onların qanuni nümayəndələri tərəfindən ərizə təqdim olunur.

Xezerxeber.az-ın məlumatına görə, İcbari Tibbi Siğorta üzrə Dövlət Agentliyinin koordinatoru Nərgiz Hacıyeva bildirib ki, vətəndaşa iki iş günü ərzində bildiriş təqdim olunur və orada vətəndaşın təhkim olunacağı tibb müəssisəsi və ailə həkimi haqqında məlumatlar qeyd olunur.

Vətəndaş eyni anda iki və daha artıq tibb müəssisəsinə təhkim oluna bilməz.

Nərgiz Hacıyevanın sözlərinə görə, rayon qeydiyyatında olub Bakıda yaşayan və ya işləyən vətəndaşlar yaşadığı ərazi üzrə ilkin səhiyyə müəssisəsinə təhkim olunmaq və ailə həkimini seçmək üçün mütləq şəkildə Daxili İşlər Nazirliyi tərəfindən təqdim edilmiş müvəqqəti qeydiyyata dair sənəd, şəxsiyyət vəsiqəsi və ərizə ilə müraciət etməlidir. Sadəcə sığortadan istifadə etmək üçün isə heç bir qeydiyyata ehtiyac yoxdur.

Qurum rəsmisi onu da əlavə edib ki, pandemiya ilə əlaqədar bəzi dövlət səhiyyə müəssisələri koronavirusla mübarizəyə ayrılıb. Həmin tibb müəssisələri hazırda digər tibbi xidmətləri göstərmirlər. Bunu nəzərə alaraq, Agentlik müştərək maliyyələşmə məbləğinin toplanılmasının 2022-ci ilin 1 yanvar tarixinədək təxirə salınması barədə müvafiq dövlət qurumuna müraciət edib.

Xatırladaq ki, "Tibbi sığorta haqqında" qanuna əsasən müştərək maliyyələşmə məbləğinin ödənilməsi ilkin səhiyyə xidmətinə müraciət etmədən birbaşa ambulator-poliklinik, laborator, funksional-diaqnostik tibbi xidmətlərdən istifadə etdikdə, eləcə də vətəndaşın yönləndirildiyi tibbi ərazi bölməsindən kənar yerləşən dövlət tibb müəssisəsinə müraciət olunduqda tətbiq edilir. Müştərək maliyyələşmə məbləği isə tibbi əraziyə və müraciət olunan tibb müəssisəsinə görə dəyişir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti