Xəzər Xəbər

Güclü külək bir sıra fəsadlar törədib video

Veb TV | 19:51 • 5 May 2021
Güclü külək bir sıra fəsadlar törədib

Dünən gecədən başlayan güclü külək Bakıda 15 ağacı aşırıb.

Xezerxeber.az-ın məlumatına görə, Nərimanov rayonu, Qarabağ küçəsi 30 ünvanında səhər saatlarında külək qovaq ağacını kökündən qopararaq qaz xəttinin üzərinə aşırıb.

Ağac yaşıl olsa da, özəyi kövrək, kökü isə dərin olmadığından küləyin təsiri ilə kökündən qopub. Bu gün aşan ağacların əksəriyyəti məhz qovaq ağacları olub.

Ağac kəsilərək ərazidən götürülüb.Qazın verilməsində yaranan müvəqqəti çətinlik isə aradan qaldırılıb.

Nərimanov rayonunda aşan digər ağac isə avtomobili əzib. Hadisə nəticəsində avtomobilə ciddi ziyan dəyib. Həmçinin Təhsil Nazirliyinin yaxınlığında külək nəticəsində qırılan ağac işıq dirəyini aşırıb.

Suraxanı rayonu, General Səmədağa Mehmandarov küçəsində də qurumuş ağac aşıb. Budaqları telefon xəttini sındırıb, qaz borusunu isə əyib. Sakinlər qurumuş ağacın kəsilməsi üçün dəfələrlə müraciət etdiklərini deyirlər.

Güclü külək sürücülərə də çətin anlar yaşadıb. Yeni Salyan yolu 22 ünvanında gənc oğlanın  idarə etdiyi motosiklet küləyin təsiri ilə avtomobilə çırpılıb. Nəticədə motosikletçi xəsarət alıb.

Qaradağ rayonu, Sahil qəsəbəsində, mebel mağazasının qarşısında dayanan ağırtonlu yük avtomobili isə güclü küləyə tab gətirməyərək aşıb. Hadisə nəticəsində avtomobilə ciddi ziyan dəyib.

Sumqayıt şəhərində də güclü külək fəsadlar törədib. Şəhərin 12-ci mikrorayon ərazisində irigövdəli çinar ağacının budağı qırılaraq minik avtomobillərinin üzərinə düşüb. Hadisə zamanı avtomobillərə ciddi ziyan dəyib. Əraziyə mənzil istismar sahəsinin və yaşıllaşdırma idarəsinin əməkdaşları baxış keçirib. Ağaclar kəsilərək ərazidən daşınıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti