Xəzər Xəbər

Bakıda tarixi binanın üzərində mansard tikintisinə kim və ya hansı qurum icazə verib? video

Veb TV | 20:59 • 30 Aprel 2021
Bakıda tarixi binanın üzərində mansard tikintisinə kim və ya hansı qurum icazə verib?

Bakı şəhəri, Nəsimi rayonu, 28 may küçəsində yerləşən tarixi binanın üzərində tikilən mansard sökülür.

Xezerxeber.az-ın məlumatına görə, sözügedən mansard 2008-ci ildə tikilib. Vətəndaşların müraciəti əsasında Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən bu gün sökülməsi ilə bağlı qərar verilib.

Məsələni ictimailəşdirən memar Elçin Əliyevin sözlərinə görə, Nəsimi rayonu, 28 may küçəsindəki tarixi binanın üzərində mansard qanunsuz tikildiyindən binanın arxitekturası da pozulmuşdu.

Bəs şəhərin mərkəzində tarixi binanın damında belə bir mansardın tikilməsinə kim icazə verib və ya bu qanunsuzluğa kim göz yumub?

Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən bildirildi ki, belə bir tikintinin aparılmasına qurumun razılığı olmayıb.

Qeyd edilib ki, dövlət başçısının 2018-ci il, 1 avqust tarixli fərmanına əsasən, həmin tarixdən etibarən Bakı şəhərində tikinti və istismara icazələr Komitə tərəfindən verilir və belə bir tikintinin aparılmasına komitənin razılığı olmayıb.

Nəsimi Rayon İcra Hakimiyyətindən isə bildirildi ki, əraziyə baxış keçirilib və mülkiyyətçi mənzili bu vəziyyətdə aldığını deyib.

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması Dövlət Xidmətindən hazırda məsələnin araşdırıldığı bildirildi.

Bakı Şəhər İcra Hakimiyyətindən isə deyildi ki, mediada və sosial şəbəkələrdə məlumat yayıldıqdan sonra dərhal bu məsələyə reaksiya verilib və mansardın söküntüsünə başlanıb. Artıq bu məsələ ilə bağlı İcra Hakimiyyətində komissiya yaradılıb və tikintiyə məsuliyyət daşıyan bütün şəxslər müəyyən ediləcək. İcra Hakimiyyətindən o da qeyd olundu ki, Bakıdakı arxitekturalı binaların mühafizəsi bundan sonra da təmin ediləcək və tarixi binalar üzərində aparılan istənilən qanunsuz tikinti işlərinin qarşısı alınacaq.

Qeyd edək ki, azərbaycanlı milyonçu Musa Nağıyevin sifarişi ilə tikilmiş bu bina memarlıq abidəsi hesab olunur.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti