Xəzər Xəbər

Bu kəndin nə yolu, nə interneti, nə də qaz xətti var video

Veb TV | 21:24 • 30 Aprel 2021
Bu kəndin nə yolu, nə interneti, nə də qaz xətti var

Xaçmaz rayonunun Maqsud kəndinin nə yolu, nə interneti, nə də qaz xətti var.

Xezerxeber.az-ın məlumatına görə, bu kəndin problemləri rayon mərkəzindən ayrılan andan başlayır. Çünki kənd yolunu getmək müşkül məsələdir.

Sakinlər öz vəsaitləri hesabına yola daş töküblər, amma bu da problemi aradan qaldırmayıb.  

Daşlı, toz-dumana bürünən yollar ilə çatdığımız kənddə bizi internetə daxil olmaq üçün hasara dırmaşaraq şəbəkəni tutmağa çalışan uşaqlar qarşıladılar. Burada internet xəttinin olmaması, kənd sakinlərini mobil operatorlardan asılı vəziyyətə salıb, lakin bu da qənaətbəxş səviyyədə deyil. Ona görə də məktəblilər bir ildən çoxdur ki, distant təhsilə belə həsrət qalıblar.

Bu kəndin sakinləri həm də mavi yanacaq dərdi çəkirlər. Odun sobasında çay qaynadıb, xörək bişirirlər.

Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli kənd yolunun hazırkı vəziyyətindən məlumatlı olduqlarını bildirib. O qeyd edib ki, həmin yol müvafiq proqrama salınıb və 2022-ci ildə  yenidən qurulması planlaşdırılır.

Xaçmaz Regional Qaz İstismarı İdarəsinin baş mühəndisi Gülyar Hüseynov isə ümid etdiyini bildirib ki, 2023-cü ilə qədər kəndin qaz problemi həll ediləcək.

Kəndə internet xəttinin çəkilməsi ilə bağlı "Aztelekom" MMC-nin şöbə müdiri Emin Quliyev isə bildirib ki, regionların internet şəbəkəsinə qoşulması növbəli şəkildə həyata keçirilir.

Konkret olaraq Maqsud kəndinə internet çəkilişinin nə zaman reallaşacağı ilə bağlı sualımız isə cavabsız qaldı.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti