Xəzər Xəbər

Yol polisi sürücünü zor tətbiq edərək saxlayıb? VİDEO

Veb TV | 20:40 • 28 Aprel 2021
Yol polisi sürücünü zor tətbiq edərək saxlayıb?

Bakıda 51 yaşlı sürücüyə yol polisi tərəfindən zor tətbiq edildiyi iddia olunur. Hətta bununla bağlı görüntülər də sosial şəbəkələrdə paylaşılıb. Bildirilib ki,  yol polisi əməkdaşları sürücü Miradəm Nağıyevi evinin qarşısında boğaraq saxlayıblar. Daha sonra həmin şəxs hadisə yerinə təcili tibbi yardım çağırıb. Məsələyə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi də münasibət bildirib.

Sürücü ilə yol polisinin mübahisəsi böyüyərək az qala davaya çevriləcəkdi.

Qonşuların da mübahisəyə girişməsi səs küyü daha da artırıb.

Sosial şəbəkələrdə ən çox paylaşılaraq geniş müzakirələrə səbəb olan bu hadisə Bakıda baş verib. Paytaxtın "Samaxinka" kimi tanınan ərazisində "Mersedes" markalı  90-RN-261 dövlət qeydiyyat nişanlı avtomobil davamlı olaraq yol hərəkəti qaydalarını pozub.  Bu səbəbdən ona polis tərəfindən "Saxla!" işarəsi verilib.  Lakin sürücü Miradəm Nağıyev polisin tələbinə məhəl qoymayaraq yaşadığı ünvan istiqamətinə  hərəkətini davam etdirib. Yaşadığı küçədə isə qonşuları və sürücünün özü ilə yol polsinin mübahisəsi yaranıb.

Görüntünü sosial şəbəkələrdə paylaşan insanlar iddia ediblər ki, yol polisi əməkdaşları Miradəm Nağıyevi evinin qarşısında boğaraq saxlayıblar. Daha sonra həmin şəxs hadisə yerinə təcili tibbi yardım çağırıb. Bundan sonra Miradəm Nağıyevin ailə üzvləri də polis bölməsinə aparılıb.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsi sürücünün evinin qarşısında polis əməkdaşları tərəfindən zor tətbiq edilərək saxlanılması iddialarına münasibət bildirib. İdarənin ictimaiyyətlə əlaqələr bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, sürücünün bu hərəkəti yolda sıxlığın yaranmasına səbəb olub.

Vaqif Əsədovun sözlərinə görə, sürücü qanunsuz əməlindən polisi yayındırmaq üçün bədən xəsarəti alması ilə bağlı təcili yardıma zəng vurub. İddiaların təfərrüatlarının araşdırılması üçün ekspertiza təyin edilib. Vətəndaş hal-hazırda evindədir. Faktla bağlı araşdırma davam etdirilir.

Xəbər lenti