Xəzər Xəbər

İşıq dirəkləri səkilərin ortasında yerləşir VİDEO

Veb TV | 20:14 • 27 Aprel 2021
İşıq dirəkləri səkilərin ortasında yerləşir

Paytaxtın bir sıra küçələrindəki mövcud səkilərlə rahat hərəkət etmək mümkün deyil. Əksər hallarda piyadanın yolunu ya işıq dirəyi, ya da yol nişanları kimi süni maneələr kəsir. Bu vəziyyət xüsusilə uşaq arabası ilə hərəkət edənlər və fiziki məhdudiyyətli vətəndaşlar üçün ikiqat çətinlik yaradır. Hazırda paytaxtın Suraxanı rayonu Cəlal Qurbanov küçəsində yeni səkilər salınır, bəziləri isə təmir edilir. Amma orada da işıq dirəkləri düz səkinin ortasında yerləşir. 

İllərdir istifadə edilən bəzi səkilərdə müşahidə edilən bu mənzərə yəqin ki, çoxunuza tanışdır. İşıq dirəkləri piyada səkilərinin düz ortasında yerləşir. Nəticədə insanlar maşın yoluna çıxır. Bu isə real təhlükədir.

Yeni salınan və hazırda təmir işlərinin getdiyi bəzi səkilərdə də vəziyyət eynidir. Görüntülər paytaxtın Suraxanı rayonu Qaraçuxur qəsəbəsindəndir.

Sakinlər deyir ki, işıq dirəklərinin basdırılması üçün səkinin ətrafında kifayət qədər yer var.

Məsələ ilə bağlı Avtomobil yolları dövlət agentliyinin mətbuat katibi Anar Nəcəfli bildirib ki, sözügedən ərazidəki işıq dirəkləri əvvəldən mövcud olub. Yeni səkilər salınarkən layihədə dirəklərin köçürülməsi nəzərdə tutulubmuş və işlər də plana uyğun aparılırmış..Sonradan dirəklərinin köçürülməsi mümkün olmadığından belə vəziyyət yaranıb. Problemi həll etmək üçün layihədə dəyişiklik edilib və səkilərin daha bir metr genişləndirilməsi qərara alınıb. Bununla da piyadaların maneəsiz hərəkəti təmin ediləcək.

 

Xəbər lenti