Xəzər Xəbər

Kür çayının suyu niyə azalır? VİDEO

Veb TV | 19:55 • 27 Aprel 2021
Kür çayının suyu niyə azalır?

Ümumi uzunluğu 1515 km olan Cənubi Qafqazın ən böyük çayı, Kür. Təəssüf ki, son bir həftəyə yaxındır çayda suyun miqdarı azalır. Demək olar ki, Kürün Gürcüstandan başlayan hissəsindən çayın aşağı hissəsinə qədər suyun səviyyəsində azalma müşahidə olunur. Bəs davamlı azalan Kürün suyu hara gedir?  

Artıq bir neçə gündür ki, Kür çayında suyun səviyyəsi aşağıdır. Demək olar ki, Kürün yuxarı hissəsindən aşağı hissəsinə qədər sululuq azalıb. Proses çayın Gürcüstan ərazisindən Azərbaycana daxil olduğu yerdən etibarən başlayır və təxminən 80-100 sm azalma müşahidə olunur. 

Tovuzla yanaşı Şəmkir və Samuxda da eyni mənzərə var. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometereolgiya Departamentinin baş hidroloqu Asif Verdiyev çayın suyunun azalmasına aydınlıq gətirib. O, bildirib ki, son 3 gün ərzində ölkə ərazisində çaylarda nisbətən azalma ölkəyə daxil olan su kütləsinin azalması ilə əlaqəlidir. Bununla yanaşı mövsümi olaraq suvarma suyuna tələbatın kəskin artması və yağıntıların az olması da burada həlledici rol oynayır. 

Mingəçevir və Sabirabadda da çayın səviyyəsi normadan aşağıdır. Xüsusilə Kürün Sabirabad rayonundan keçən hissəsində ötən ilki dövrlə müqayisədə suyun səviyyəsi 12 sm düşüb.

Salyan rayonunda isə ötən ilin müvafiq ayı ilə müqayisədə bu il aprel ayında Kür çayında artım qeydə alınıb. Belə ki, 15-20 sm artan suyun dənizə doğru axını müşahidə olunur.

Neftçalada isə vəziyyət başqadır. Belə ki, bir neçə gün öncə bu bölgədə Xəzərin suyu 30 km Kürə qarışmışdı. Hazırda isə Kürün aşağı hissəsində suyun miqdarının artması nəticəsində Xəzərə yaxın ərazilərdə duzluluğun miqdarı nisbətən azalıb. Dənizdən uzaq ərazilərdə Sabirabad, Şirvanda isə duzluluq norma daxilində tərəddüd edir.  Bu günkü tarixdə isə uzun müddətdən sonra 4 sm artma qeydə olunub və bunun artan templə davam edəcəyi proqnozlaşdırılır.

Xəbər lenti