Xəzər Xəbər

Los Ancelesdə baş verənlərlə bağlı XİN-dən AÇIQLAMA VİDEO

Veb TV | 21:48 • 26 Aprel 2021
Los Ancelesdə baş verənlərlə bağlı XİN-dən AÇIQLAMA

Los-Ancelesdə yaşayan ermənilər millətlərarası ədavəti qızışdırmaqla, azərbaycanlılara qarşı etnik zorakılıq çağırışları ediblər. Şəhərdə nümayiş keçirən radikal "Erməni Gənclər Federasiyası" və "Amerika Erməni Milli Komitəsi"nin üzvləri Azərbaycan bayrağına bürünmüş müqəvvanı edam ediblər. Həmçinin onlar azərbaycanlılara qarşı etnik zorakılıq xarakterli şüarlar səsləndiriblər. Xarici İşlər Nazirliyi ABŞ-ın Azərbaycandakı səfirliyinə baş vermiş hadisə ilə bağlı narahatlığını çatdırıb.

Azərbaycan bayrağına bürünmüş müqəvva meydana gətirilir və simvolik olaraq edam edilir. Görüntülər ABŞ-ın Kaliforniya ştatının Los Anceles şəhərində lentə alınıb.

Radikal "Erməni gənclər federasiyası" və "Amerika erməni milli komitəsi"nin üzvləri keçirdikləri aksiyalarda bu cür nifrət saçdılar. Azərbaycanlılara qarşı etnik zorakılıq xarakterli şüarlar səsləndirən bir qrup erməni meydanda bayrağa bürünmüş müqəvvanı edam etməklə revanşist duyğularını büruzə veriblər.

Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayevanın sözlərinə görə, bu hərəkət olduqca ciddi addımdır. Radikal erməni qruplarının belə nifrətə əsaslanan, hətta cinayət tərkibli əməlləri ilk dəfə deyil.

Ermənilərin cinayət tərkibli əməllərinə ABŞ polisinin reaksiya verməməsi belə hadisələrin təkrarlanacağını da istisna etmir. Təsadüfi deyil ki, üzərindən aylar keçməsinə baxmayaraq, iyul hadisələrinin günahkarları hələ də cəzasızdır. Bu məsələ ilə bağlı da Azərbaycan tərəfinin ciddi narahatlığı ABŞ-ın ölkəmizdəki səfirliyinə bir daha çatdırılacaq.

Qeyd edək ki, son bir aydır ermənilərin bu cür revanşist radikal addımları daha çox nəzərə çarpır. Bir neçə gün əvvəl də İrəvanda Türkiyə və Azərbaycan bayraqları nifrət şüarları səsləndirilərək yandırılmışdı.

 

Xəbər lenti