Xəzər Xəbər

Abşerondakı göllərin əksəriyyəti bərbad vəziyyətdədir video

Veb TV | 21:33 • 25 Aprel 2021
Abşerondakı göllərin əksəriyyəti bərbad vəziyyətdədir

Abşeron yarımadasında yerləşən göllərin əksəriyyəti bərbad vəziyyətdədir. Acınacaqlı vəziyyətə salınanlardan biri də Zığ gölüdür. Bu gölə məişət tullantıları, çirkli sular axıdılır.

Xezerxeber.az-ın məlumatına görə, Zığ gölünə axıdılan məişət tullantıları sularının illik həcmi 1826, sənaye tullantıları sularının həcmi isə 73 min kub/ m təşkil edir.

Bu gün Abşeronda tutumu 300 min hektar ərazini əhatə edən 9 gölün hər birində oxşar vəziyyət müşahidə edilir.

Dövlət Ekoloji Ekspertiza Agentliyinin sədri Mirsalam Qənbərov mövzu ilə bağlı bildirib ki, göllərin çirkli olmasının səbəbi tullantı sularının düzgün idarə olunmamasıdır. İlk növbədə bu problem aradan qaldırılmalıdır.

Agentlik sədri əlavə edib ki, göllərin vəziyyətini yaxşılaşdırmaq üçün xüsusi investisiya olmalıdır. Bu sahəyə meyl göstərən iş adamlarını belə ərazilərdə infrastrukturun yaradılmasına cəlb etmək və göllərin təmizlənməsini həyata keçirmək lazımdır.  

O da bildirilib ki, hazırda Zığ gölünün bərpası layihəsi həyata keçirilir. Bunun üçün ərazidə ilkin qiymətləndirmə aparılıb. Eyni zamanda Böyükşor gölünün bir hissəsində, təxminən 300 hektar ərazidə reabilitasiya işləri aparılıb. Digər göllərin bərpası da mütləq şəkildə həyata keçiriləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti