Xəzər Xəbər

Bakıda piyadaların ölümü ilə nəticələnən ağır yol qəzası baş verib video

Veb TV | 19:23 • 20 Aprel 2021
Bakıda piyadaların ölümü ilə nəticələnən ağır yol qəzası baş verib

Paytaxtın Sabunçu rayonunda piyadaların ölümü ilə nəticələnən ağır yol qəzası baş verib.

Xezerxeber.az-ın məlumatına görə, hadisə dünən axşam saatlarında Sabunçu yolunda qeydə alınıb.

Yolu keçmək istəyən 25 yaşlı Fidan Cəfərzadə 28 yaşlı Gülnar  Yuniszadə və onun oğlu 9 yaşlı Yusmir Yuniszadəni avtomobil vurub.

Ana və oğul dünyasını dəyişib. Vəziyyəti ağır olan Fidan Cəfərzadə isə xəstəxanaya yerləşdirilib.

Hadisəni törədən avtomobilin sürücüsü Tağıyev Taleh Əhliman oğlu Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Hadisənin baş verdiyi yer sürət həddinin ən yüksək olduğu yoldur. Piyadaların vurulduğu bu yolda 8 hərəkət zolağında sürət həddi müvafiq olaraq 90 və 110 km/ saat müəyyən edilib. Bura piyada vurma hallarının ən çox baş verdiyi yollardan biridir.

Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşı  Araz Əsgərlinin sözlərinə görə, əvvəlki illərə nisbətən piyadaların ölümü ilə nəticələnən qəzaların sayında azalmalar var. Piyada vurma hallarında qəzalar  isə daha çox vətəndaşların  təyin olunmamış yerlərdən keçmə səbəbindən baş verir.

Qeyd edək ki, piyadaların yolun qadağan olunmuş hissəsindən keçməsinə görə 20 manat cərimə müəyyən edilib.  Sürəti həddi 80 km/saat və daha artıq olan yolda piyada qadağan olan yerlərdən yolu keçərsə 40 manat cərimə olunur.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti