Xəzər Xəbər

Başlıbel faciəsindən 28 il ötür VİDEO

Veb TV | 21:19 • 18 Aprel 2021
Başlıbel faciəsindən 28 il ötür

Bu gün ermənilərin azərbaycanlılara qarşı törədikləri Başlıbel faciəsindən 28 il ötür. Başlıbel faciəsi 1993-cü ilin bu günü Kəlbəcərin ermənilər tərəfindən işğalı zamanı baş verib. Erməni vandalizmi burada da özünü göstərib. Mənfur düşmən dağlara sığınan kənd sakinlərinə qarşı qırğın törədiblər.

1993-cu ildə Kəlbəcərin ermənilər tərəfindən işğalı zamanı mənfur düşmənlərimiz Başlıbel kəndində dinc sakinlərə qarşı vəhşilik törətdilər. Ermənilər qadın, uşaq, qoca demədən aprelin 18-də düşmənə təslim olmayaraq, torpaqlarını tərk etməyərək dağlara sığınan 62 nəfərdən 27-ni güllələyib, 19-nu isə girov götürüblər. 2-ci dünya müharibəsinin iştirakçısı Hüseyn Hüseynov isə diri-diri yandırılıb.

Düşmən qüvvələrinin onlardan çox olmasına baxmayaraq qorxmaz kənd sakinləri cəmi 2 ov tüfəngi və bir neçə avtomotla ölümün gözünə dik baxaraq sona qədər müqavimət göstəriblər. Faciə zamanı 13 yaşı olan Hikmət Ağamirov deyir ki, əmisi kəndən çıxmaqdan imtina edib. Ermənilər onu işgəncə ilə öldürüblər.

Hadisənin şahidi Kəlbəcər rayonu Ağcakənd kənd sakini Abuzər Məmmədov deyir ki, ermənilər Başlıbeli ələ keçirmək üçün bütün vəhşiliklərə əl atmışdılar. Abuzər Məmmədovun sözlərinə görə ölənlərin çoxu dinc sakinlər idi.

Başlıbel sakinləri birinci Qarabağ müharibəsii zamanı torpaqlarımızın müdafiəsi üçün əllərindən gələni ediblər. 1992-ci ilin yanvarından Kəlbəcərin elektrik təchizatı dayandırılıb. Bu da Başlıbel sakinlərinin əzmini sındırmayıb. Kənd sakinləri işğala qədər ümidlərini itirməyiblər. Sakinlər 2 ilə yaxın elektrik enerjisi olmadan kənddə yaşayıblar. 4 ay dağlarda sığınan dinc əhali vəziyyətin müsbətə doğru dəyişmədiyindən 4 gün ac-susuz yol gedərək Daşkəsən ərazisinə keçməyə məcbur olublar.

Başlıbel faciəsi sözün əsl mənasında düşmənə qarşı müqavimətin, doğma torpağa bağlılığın simvoludur. İnsanlar əsl qorxmazlıq və qəhrəmanlıq nümayiş etdirərək düşmənə qarşı sona qədər mübarizə aparıblar..Bugün faciədən 28 il keçir. Həmin hadisələri yenidən xatırlamaq bir qədər ağır olsa da, Kəlbəcərin işğaldan azad edilməsi, bununla da faciə qurbanlarının qisasının alınması başlıbel sakinlərinin yarasına məlhəm olub.

 

Xəbər lenti