Xəzər Xəbər

Kür daşqınlarından zərər çəkən şəxs mənzillə təmin edilməyib video

Veb TV | 20:15 • 17 Aprel 2021
Kür daşqınlarından zərər çəkən şəxs mənzillə təmin edilməyib

Kür daşqınlarından ziyan çəkən Şirvan sakini mənzillə təmin edilməyib. 

Xezerxeber.az-ın məlumatına görə, Şirvan şəhər Məhəmməd Füzuli küçəsində yaşayan Vaqif Babayev iddia edir ki, ailəsi ilə birlikdə illərdir qəzalı evdə yaşayırlar. Onun sözlərinə görə,   2010-cu ildə baş vermiş Kür daşqınları zamanı onların da evi qəzalı vəziyyətə düşüb.

Həmin vaxt yaradılmış xüsusi komissiya tərəfindən evə baxış keçirilib. Lakin o vaxtdan bəri həmin küçədə evləri ziyan görmüş sakinlər yeni mənzillərlə  təmin olunsalar da, Babayevlər ailəsinə ev tikilməyib.

Məsələ ilə bağlı Şirvan Şəhər İcra Hakimiyyətindən bildirildi ki, Məhəmməd Füzuli küçəsində yaşayan sakinlərin şikayəti əsasında araşdırma aparılıb. 2010-cu ildə baş vermiş daşqınlar zamanı zərər çəkmiş sakinlər komissiyanın rəyinə əsasən müxtəlif pul kompensasiyası və mənzillərlə təmin olunublar. O ki qaldı müraciət edən vətəndaşın şikayətinə, FHN tərəfindən Şirvan Şəhər İcra Hakimiyyətinə təqdim edilmiş siyahıda Vaqif Babayevə məxsus yaşayış evinə dəymiş ziyan "yüngül çatlar" olaraq qeyd olunub. Yəni onların yeni mənzillə təmin olunması barədə heç bir rəy qeyd olunmayıb.                                               

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti