Xəzər Xəbər

Ermənistanda seçkilər yaxınlaşdıqca gərginlik artır VİDEO

Veb TV | 21:17 • 16 Aprel 2021
Ermənistanda seçkilər yaxınlaşdıqca gərginlik artır

Erməni xalqı Qarabağ müharibəsindəki məğlubiyyətin şokundan ayılmamış indi də ölkədəki siyasi qüvvələr arasındakı mübarizə ilə üz-üzə qalıb. Ölkədə növbədənkənar parlament seçkiləri yaxınlaşdıqca siyasi gərginlik artır. Müharibədə məğlub olan hökumətin başçısı Nikol Paşinyan və onun siyasi rəqibləri, xüsusilə də keçmiş prezidentlər arasında mübarizə hər ötən gün kəskinləşir.

İkinci Qarabağ müharibəsində məğlub olan Ermənistanda hökm sürən siyasi gərginlik növbədənkənar parlament seçkiləri yaxınlaşdıqca daha da artır.

Xüsusilə də iki gün əvvəl Ermənistan baş nazirinin parlamentdəki çıxışı ölkəni bir-birinə vurub. Nikol Paşinyan Milli Məclisdə 2020-ci il hökumət proqramının yerinə yetirilməsinin yekunları və gedişi haqqında hesabat təqdim etmək üçün ayrılan vaxtın böyük hissəsini özündən əvvəlki Ermənistan dövlət başçılarının tənqidinə sərf edib. Paşinyanın tənqidləri xüsusilə onu "kapitulyant" və "satqın" adlandıran Ermənistanın ikinci və prezidentləri Robert Koçaryan və Serj Sarkisyana ünvanlanıb. 

Qarşı tərəfdən gələn cavablar isə çox qısa və konkret olub. Robert Koçaryanın ofisinin əlaqələndiricisi Baqrat Mkoyan baş nazirin çıxışına bu cümlələrlə reaksiya verib: "Bugünümüzü murdarlayanın birisi gələcəyimizdən dəm vurmağa cürət edir. Hakimiyyətini itirən bu şəxsin vahiməli çıxışını dinləyərkən yeganə hiss duyursan - yazıqlıq hissi". Həmçinin Ermənistanın Birinci Prezidenti Levon Ter-Petrosyanın mətbuat katibi Arman Musinyan da Paşinyanın tənqidlərinə buna oxşar cavab verib. "Prezident Ter-Petrosyan bu, xalqı fəlakətə aparan ümummilli bəlanın ruhi çırpınmalarını şərh etməyi mənasız hesab edir. Qoy istədiyini danışsın. Onun özünü təmizə çıxartmaq şansı yoxdur. Erməni xalqı onu heç vaxt bağışlamayacaq" - deyə o yazıb. Serj Sarkisyanın ofisi isə ümumiyyətlə jurnalistlərdən "bu sayıqlamalara reaksiya öyrənmək üçün müraciət etməyin" - deyə xahiş edib.

Paşinyanın çıxışı zamanı İkinci Qarabağ müharibəsinin gedişi haqqında verdiyi bəyanat isə ordu generalları arasında narahatlıq yaradıb. "Joxovurd" qəzetnin yazdığına görə, generallar qapalı formada toplantı keçiriblər və müharibədən sonrakı vəziyyəti müzakirə ediblər. Yüksək rütbəli hərbçilər onlar barədə cinayət işinin açılacağından narahatdırlar.

Bu arada, Paşinyanın ötən həftə Rusiyaya səfəri zamanı Moskvada yaşayan erməni hüquqşünaslarla qapalı görüşdən səs yazısı yayılıb. Ermənistanın baş nazirinin Qarabağda müharibənin başlamasına görə faktiki olaraq Rusiyanı günahkar saydığı bu səs yazısı da geniş müzakirələrə səbəb olub.

Qeyd edək ki, Ermənistanda növbədənkənar parlament seçkiləri iyunun 20-də keçiriləcək.

Xəbər lenti