Xəzər Xəbər

Təmizlənməyən arx ətrafa üfunət yayır VİDEO

Veb TV | 19:22 • 16 Aprel 2021
Təmizlənməyən arx ətrafa üfunət yayır

Mingəçevirin Energetiklər qəsəbəsində kanalizasiya suları evlərin qabağından keçən arxa axıdılır. Həmin arx da təmizlənmədiyindən ətrafa üfunət yayır. Bu antisanitar vəziyyət isə yaxınlıqda yaşayan sakinləri narahat edir.

Qamış o qədər hündürə qalxıb ki, küçənin bir tərəfindən digər tərəfini görmək olmur. Ətrafa yayılan üfunət isə baş çatladır.

Görüntülər Mingəçevirin Energetiklər qəsəbəsinin Kənar küçə adlanan hissəsində lentə alınıb. Qarabağ kanalından ayrılan arxda su qış aylarında kəsildiyindən arxa zir-zibil dolur. Yayda su buraxıldıqda isə zibillə dolmuş arx antisanitariya mənbəyinə çevrilir. 

Həmin ünvanda kanalizasiya xətti çəkilsə də, əksər küçələr bu xəttə qoşulmayıb. Nəticədə orada çirkab sular da bu arxa axıdılır.

Energetiklər qəsəbəsində yaranmış vəziyyətdən Mingəçevir Şəhər İcra Hakimiyyəti də xəbərdardır. Qurumdan Xəzər Xəbər-ə bildirildi ki, məsələnin həlli, yəni həmin torpaq arxın istiqamətinin dəyişdirilməsi və ya betonlanması üçün Melorasiya və Su Təsərrüfatı ASC-yə müraciət olunub. Kanalizasiya sularının həmin arxa axıdılmasına gəldikdə isə, bildirildi ki, ərazidə işlər tamamlandıqdan sonra bütün küçələr ana xəttə qoşulacaq.

 

Xəbər lenti