Xəzər Xəbər

NATO Baş katibi Rusiyaya xəbərdarlıq etdi VİDEO

Veb TV | 19:28 • 13 Aprel 2021
NATO Baş katibi Rusiyaya xəbərdarlıq etdi

Rusiya və Ukrayna arasında bir müddət əvvəl başlayan gərginlik davam edir. NATO-nun baş katibi Yens Stoltenberq bu gün Ukraynanı dəstəkləyən açıqlamalar verib. Həmçinin G7 ölkələri də Ukraynanı dəstəkləyən birgə bəyanat yayıb. Rusiya isə 15 hərbi gəmisini qara dənizə göndərib.

Brüsseldə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba və NATO baş katibi Yens Stoltenberq arasında görüş keçirilib. Görüşdən sonra keçirilən birgə mətbuat konfransında Stoltenberq Rusiyanın Ukrayna ilə sərhədə son günlərdə minlərlə müharibəyə hazır hərbçi göndərdiyini və vəziyyəti narahatlıqla izlədiklərini vurğulayıb. O bildirib ki, son günlərdə Ukraynanın şərqində toqquşmalarda bir çox Ukrayna əsgəri həyatını itirib. 

Stoltenberq Rusiyaya beynəlxalq öhdəliklərinə əməl etməklə bağlı da çağırış edib. Dmitri Kuleba isə ölkəsinin Rusiya ilə müharibə istəmədiyini və problemin diplomatik yolla həllinin tərəfdarı olduğunu deyib. Qeyd edək ki, sabah NATO ölkələrinin xarici işlər və müdafiə nazirləri Ukrayna məsələsi ilə bağlı videokonfrans formatında görüş keçirəcəklər.

Yeri gəlmişkən, "Böyük yeddilik" ölkələri də Rusiya və Ukrayna arasındakı gərginliklə bağlı birgə bəyanat yayıb. Bəyanatda G7 ölkələrinin xarici işlər nazirləri Ukrayna və Rusiya sərhədində baş verən hadisələrdən narahat olduqlarını bildiriblər.

Bu arada, Rusiyanın Xəzər dənizində olan 15 hərbi gəmisini Qara dənizə göndərməsi ciddi narahatlığa səbəb olub. Lakin Rusiya Müdafiə Nazirliyindən gəmilərin Qara dənizdə keçiriləcək hərbi təlimlərə cəlb ediləcəyi açıqlanıb. Sözügedən təlimə 4 mindən çox Rusiya əsgərinin cəlb ediləcəyi bildirilir.

Xəbər lenti