Xəzər Xəbər

Bu gün İlham Əliyevin yenidən prezident seçilməsindən üç il ötür video

Veb TV | 21:34 • 11 Aprel 2021
Bu gün İlham Əliyevin yenidən prezident seçilməsindən üç il ötür

Azərbaycanda 11 aprel 2018-ci il tarixində keçirilən prezident seçkilərindən artıq üç il ötür.

2018-ci il aprelin 11-də keçirilmiş prezident seçkilərində qalib gələn İlham Əliyev xalqa müraciətində rəhbərliyi dövründə əsas vəzifəsinin işğalda olan torpaqlarımızın azad edilməsi olduğunu bir daha elan etdi.Zaman keçdikcə bu ali vəzifə beynəxalq tribunalarda bəyan edilirdi.

İldən-ilə dövlət büdcəsində hərbi sahəyə ayrılan vəsait artırılır, ordumuzun silahla təminatı gücləndirilirdi. Həyata keçirilmiş islahatlar nəticəsində Azərbaycan ordusu dünyanın ən güclü 50 ordusu arasına daxil oldu. 2020-ci il Ermənistanın təxribatlarına cavab olaraq əks-hücum əməliyyatları ilə Vətən müharibəsi başladı. Cəmi 44 gün kifayət etdi ki, rəşadətli ordumuz düşməni sarsıdıcı məğlubiyyətə uğratdı, 30 illik həsrətə son qoyuldu. Beləliklə, Silahlı Qüvvələrin Ali Baş Komandanı verdiyi vədlərdən ən vacibini reallaşdırdı...

Prezident İlham Əliyev bütün çıxışlarında bildirirdi ki, dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır.

Zaman göstərdi ki, dövlət başçısı sosial sahə ilə bağlı verdiyi vədlərə sadiq qaldı. Həyata keçirilmiş bütün islahatlar vətəndaşların rifahının yaxşılaşdırılmasına xidmət edib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, 2018-ci ilin əvvəli ilə müqayisədə muzdla çalışan işçilərin orta aylıq əmək haqqı 34 faiz  artaraq 528 manatdan 707 manata çatıb. Son 3 ildə yaşa görə pensiyaların orta aylıq məbləği 60 faiz artaraq 362  manata çatıb, müavinətlərin orta aylıq məbləği 95 faiz artıb. Cari ildə özünüməşğulluq proqramına 16 min şəxsin cəlb edilməsi işləri aparılır. Bu da proqramın  icrasına başlandığı 2017-ci illə muqayisədə 12,7 dəfə genişlənməsi deməkdir.

Şəhid ailələri və müharibə əlillərinə qayğı da daim diqqət mərkəzində olub. Onların mənzil və fərdi evlə təminatı proqramı geniş vüsət alıb. 2018-ci ildə 626, 2019-cu ildə bundan 50% çox olmaqla 934, 2020-ci ildə əvvəlki ilə nisbətən 70%-ə qədər çox olmaqla 1572 mənzil və fərdi ev verilib.

Prezident seçildikdən sonra andiçmə mərasimində çıxış edən dövlət başçısı iqtisadi sahədə aparılacaq islahatların anonusunu verdi.

Prezident İlham Əliyevin irəli sürdüyü iqtisadi islahatlar real nəticələr verməyə başladı. Nəticədə ölkədə iqtisadi artımın dayanıqlığı daha da güclənib və 2018-ci ildə ÜDM əvvəlki illə müqayisədə 1.4% , 2019-cu ildə isə 2.2%  artaraq cari qiymətlərlə 81.8 milyard manat olub. Heç kəsə sirr deyil ki, koronavirus pandemiyası dünya iqtisadiyyatına təsirsiz ötüşmədi. Azərbaycanda icra edilmiş kompleks tədbirlər pandemiyanın sahibkarlığın inkişafına və əhalinin həyat səviyyəsinə təsirinin minimum səviyyəyə endirilməsinə, iqtisadiyyatın sürətli geriləməsinin qarşısını almağa imkan verdi. Nəticədə ÜDM 2020-ci il ərzində 2019-cu ilə nisbətən 4.3 faiz azalıb. Bu göstərici Avrozonada 7.1 faiz olub. Pandemiyanın sahibkarlığa təsirini azaltmaq üçün muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi üzrə indiyədək  249 milyon, mikro sahibkarlara maliyyə dəstəyi üzrə isə 113 mln. manat vəsait ödənilib.

Dünya Bankının "Doing Business 2019" hesabatında Azərbaycan dünyanın ən çox islahat aparan ölkəsi elan olunub.

Dövlət başçısının yürütdüyü çoxşaxəli siyasət nəticəsində Azərbaycan beynəlxalq layihələrdə də uğurla öz sözünü deyir. 2018-ci il mayin 29-da Cənub Qaz Dəhlizinin rəsmi açılışı oldu. İyunun 12-də TANAP qaz kəməri istifadəyə verildi. Sözügedən layihələr hesabına Azərbaycan beynəlxalq nüfuzunu daha da artırmağa davam edirdi. Azərbaycanın bu uğurları beynəlxalq təşkilatların ölkəmizə olan inamını gücləndirirdi. Bunun məntiqli nəticəsi olaraq 2019-cu il oktyabrin 25-26-da Bakıda BMT-dən sonra dünyanın ən böyük təşkilatı olan Qoşulmama Hərəkatının zirvə toplantısı keçirildi. Təşkilata sədrlik Azərbaycana keçdi.

Ötən il dekabrın 31-də isə Cənub Qaz Dəhlizinin son seqmenti olan TAP istismara verildi. Bütün bu nailiyyətlər düşünülmüş siyasətin məntiqli nəticəsidir. Dövlət başçısının verdiyi vədlər pillə-pillə yerinə yetirilir. Bu isə Azərbaycan xalqının öz seçimində bir daha yanılmadığını göstərir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti