Xəzər Xəbər

Evi tərk edən koronavirus xəstələrinə cinayət işi açıldı VİDEO

Veb TV | 20:33 • 10 Aprel 2021
Evi tərk edən koronavirus xəstələrinə cinayət işi açıldı

Koronavirusun həyatımıza daxil olduğu dəqiq vaxtı xatırlamaq ola bilər ki çətindir. Bu virusla yaşadığımız günlər artıq həyat tərzimizə çevrilib. Mübarizəmizdə bir çox doğma və  işıqlı insanı bu virusdan itirmişik. İtkilərin qarşısını almaq üçün peyvcəndləmə aparılır. Paralelində  vətəndaşlardan  xahiş və tələb olunur ki qaydalara riayət etsinlər. Mənzərə isə belədir . Sumqayıt, Gəncə və Tovuzda evi icazəsiz tərk edən koronavirus xəstələri saxlanıb. Onlar tibbi prosedurlar gözlənməklə yaşadıqları evlərə göndəriliblər. Mingəçevirdə restoranda toy edənlər, qazaxda isə gizli fəaliyyət göstərən hamam aşkarlanıb. 

Yaşayış yerini tərk edən 3 koronavirus xəstəsi saxlanıb.

Sumqayıt polisi COVID-19 testinin nəticəsi pozitiv çıxmış 3 nəfərin yaşadığı yeri tərk etdiyini aşkarlayıb. Onların yeri müəyyən edilib və izahedici söhbətlər aparılıb. Ardınca isə tibbi prosedurları gözlənməklə həmin şəxslər yaşadıqları evə qaytarılıblar. Hər üç şəxs barəsində cinayət işi başlanıb.

Gəncə polisi də müəyyən edib ki, şəhər sakini Elman Ələsgərovun koronavirus testinin nəticəsi pozitiv çıxıb və ona ev şəraitində müalicə təyin edilib. Lakin o, karantin qaydalarını kobud şəkildə pozaraq yaşadığı evi tərk edib. Elman Ələsgərov tibbi prosedurlar gözlənilməklə yaşadığı evə göndərilib və onun barəsində cinayət işi başlanıb.

Tovuzda da reyd zamanı COVID-19-a yoluxmuş şəxs aşkarlanıb. Yol polisinin qayda pozan sürücülərə və piyadalara qarşı keçirdiyi reyd zamanı  Bayramlı kənd sakini, 21 yaşlı Əli Zeynalovun koronavirus xəstəsi olduğu və ona ev şəraitində müalicə təyin edildiyi ortaya çıxıb. Əraziyə xüsusi geyimli polislər cəlb edilib və təcili tibbi yardım avtomobili çağrılıb. Virus daşıyıcısı olan Əli zeynalov yaşadığı ünvana aparılıb.

Mingəçevirdə isə restoranda toy edənlər cərimələnib. Polis əməkdaşlarının keçirdiyi tədbirlər zamanı şəhər ərazisindəki restoranda karantin rejimi qaydalarına zidd olaraq toy mərasiminin keçirilməsi müəyyən edilib. Məclisin təşkilatçıları və iştirakçıları barəsində qanunvericiliyə uyğun tədbirlər görülüb. Əvvəlcədən edilən xəbərdarlığa məhəl qoymayan restoran sahibi Rəşad Bəşirov barəsində toplanmış materiallar isə hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib.

Qazaxda isə karantin rejimini pozan hamam aşkarlanıb. Polis şöbəsinə rayon ərazisindəki hamamın sanitar-karantin qaydalarına zidd olaraq gizli şəkildə fəaliyyət göstərməsi barədə məlumat daxil olub. Polis əməkdaşları həmin ünvana yollanıb, obyekt işçiləri və müştərilərdən ibarət 6 nəfər Polis Şöbəsinə aparılıb. 3 nəfər barəsində protokol tərtib edilib və onlar 200 manat miqdarında cərimələnib. Hamamın sahibi Eldəniz Əzimov barəsində isə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib. Məhkəminin qərarı ilə o, 10 sutka müddətinə inzibati qaydada həbs edilib. 

Xəbər lenti