Xəzər Xəbər

Azərbaycanın qazandığı tarixi qələbədən 5 ay ötür VİDEO

Veb TV | 19:27 • 10 Aprel 2021
Azərbaycanın qazandığı tarixi qələbədən 5 ay ötür

Bu gün vətən müharibəsində Azərbaycanın qazandığı tarixi qələbədən 5 ay ötür. Qısa zaman ərzində işğaldan azad olunmuş ərazilərin bərpası ilə bağlı mühüm işlər görülüb. Artıq bir neçə magistral yolun inşasına başlanıb. Bölgədə dəmiryol infrastrukturu yenidən qurulur. Hava limanlarının inşası ilə bağlı işlər həyata keçirilir. Minalardan təmizlənmiş ərzilərdə əkinçilik prosesi başlayıb. Bütün bunlar ölkəmizin hədəflərinə doğru sürətlə irəlilədiyini göstərir.

2020-ci il sentyabrın 27-də başlamış Azərbaycanın haqq davası 44 gün sonra - noyabrın 10-da tarixi zəfərlə başa çatdı. Ermənistan ordusu darmadağın edilərək, 30 il işğal altında saxladıqları torpaqlarımızdan qovuldu. Artıq şanlı qələbəmizdən 5 ay ötür. Azərbaycan bu müddətdə bərpa ilə bağlı hədəflərinə sürətlə irəliləyir.

Politoloq Zaur Məmmədov deyir ki, Azərbaycanın əksinə olaraq, Ermənistan hələ də siyasi böhran içərisindədir. Ordusu darmadağın edilmiş ölkədə sərhədləri qorumaq üçün əsgər tapılmır. Politoloqun sözlərinə görə, Azərbaycan dövləti isə post müharibə dövründə işğaldan azad olunmuş ərazilərin bərpası ilə bağlı qarşıya qoyduğu məqsədləri uğurla həyata keçirir. Qarabağda yeni magistral yolların çəkilməsi istiqamətində ciddi işlər aparılır. Bizi Şuşaya aparacaq yeni yolun çəkilməsi də bunun bariz nümunəsidir. Görülən işlər çərçivəsində Hadrut-Cəbrayıl-Şükürbəyli avtomobil yolunun tikinti layihəsi də icra olunur. Qısa zaman ərzində işğaldan azad olunmuş ərazilərdə dəmiryol infrastrukturu da yenidən qurulur. Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun təməli qoyulub. Artıq Bərdə-Ağdam dəmir yolunun bərpası istiqamətində işlərə başlanıb.

Zaur Məmmədovun sözlərinə görə, bölgənin yenidən qurulması və bərpası üçün dövlət büdcəsindən ilkin mərhələdə 2 milyard manatdan çox vəsait ayrılıb. 5 ay ərzində görülən işlər həmin ərazilərin qısa zamanda yenidən dirçələcəyindən xəbər verir. Politoloq qeyd edir ki, Füzulidə inşasına başlanan hava limanı da regionun inkişafında böyük rol oynayacaq.

İşğaldan azad olunmuş ərazilərdə 5 ay ərzində görülmüş işlər bununla kifayətlənmir. Böyük təsərrüfat potensialına malik olan torpaqlarda əkinçiliyin inkişafı üçün addımlar atılır. Artıq minalardan təmizlənmiş 7 min hektar ərazidə payızlıq əkin işləri həyata keçirilib. Ərazilər minalardan təmizləndikcə bu işlərin miqyası daha da böyüyəcək.

Xəbər lenti