Xəzər Xəbər

Qarabağın işğaldan azad edilməsi bütün İslam dünyasının qələbəsidir video

Veb TV | 20:04 • 8 Aprel 2021
Qarabağın işğaldan azad edilməsi bütün İslam dünyasının qələbəsidir

İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələr Qarabağ məsələsində Azərbaycanın mövqeyini daim müdafiə edib. Bu, təkcə din birliyi ilə bağlı deyil, eyni zamanda, Azərbaycanın haqlı mövqeyindən irəli gəlir. Azərbaycana dəstəyimiz bundan sonra da davam edəcək.

Xezerxeber.az xəbər verir ki, bu sözləri işğaldan azad olunmuş bölgələrə səfərin yekunlarına dair keçirilən mətbuat konfransında İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibinin İqtisadi məsələlər üzrə köməkçisi Əhməd Kavrsa Sengendo deyib.

O bildirib ki, işğaldan azad olunmuş ərazilərə səfərləri zamanı erməni vandalizminin şahidi olublar: "Onlar bütün yaşayış məskənlərini yer üzündən silməyə çalışıblar. Bu, çox kədərlidir. Oradakı məscidlərdə donuz saxlanılıb, məzarlıqlar dağıdılıb. Çox şadıq ki, hazırda Qarabağ işğaldan azad edilib, Azərbaycan hökuməti o bölgələrdə yenidənqurma işləri aparacaq, keçmiş məcburi köçkünlər öz torpaqlarına qayıda biləcəklər”.

Əhməd Kavrsa Sengendo bildirib ki, erməni işğalçıları vəfat etmiş insanlara qarşı da vandallıq törədib, qəbiristanlıqları dağıdıblar.

Baş katibin köməkçisi İslam Əməkdaşlıq Təşkilatı ölkələrini bərpa prosesində Azərbaycana dəstəyə çağırıb. Həmçinin bildirilib ki, təşkilat bundan sonra da ölkəmizə dəstəyini davam etdirəcək.

Vurğulanıb ki, Qarabağın işğaldan azad edilməsi həm də İslam torpağının azad edilməsidir.

Qeyd olunub ki, İslam Əməkdaşlıq Təşkilatınnın Xarici İşlər Nazirləri Şurası müvafiq tədbirlər planını təsdiq edəcək.

Bildirilib ki, Ermənistan ordusu işğaldan azad olunmuş əraziləri minalayıb. Bu da bərpa prosesi və insanların qayıdışı üçün ən ciddi problemdir. Təşkilat minalanmış ərazilərin xəritəsinin verilməsi üçün Ermənistana çağırış edə bilər. Səfərin yekunları ilə bağlı hesabat hazırlanarkən bu məsələ də müzakirə ediləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti